Azərbaycanda karantin rejimi gələn ilə qədər uzadıldı

Azərbaycanda karantin rejimi gələn ilə qədər uzadıldı

25-09-2024 17:10 / Bu xəbər 666 dəfə oxundu

Prezidentlə Baş nazirin fərqli əsaslandırması: biri xarici təhlükə, digəri koronaviris deyir

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə sentyabrın 25-də Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 yanvar 2025-ci il saat 06.00-dək uzadılıb.

Qərarda deyilir ki, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 yanvar saat 06:00-dək uzadılsın.

Bundan əvvəl xüsusi karantin rejimi 1 oktyabr 2024-cü ilədək müddəti əhatə edirdi.

Ancaq Prezident İlham Əliyev sentyabrın 23-də Milli Məclisdə çıxışı zamanı quru sərhədlərin bağlı qalmasını təhlükəsizliklə əlaqələndimişdi.

İlham Əliyev iddia edib ki, son illər ərzində quru sərhədlərin bağlı olması Azərbaycanı çox böyük fəlakətlərdən xilas edib: "Hətta bu gün – sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Azərbaycanda daxili risklər yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir ki, təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”.

Koronavirus pandemiyası dünyada 2019-cu ilin sonundan yayılmağa başlayıb.

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın əvvəlindən elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb.

Sonradan dəfələrlə karantin rejiminin vaxtı uzadılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib.

Azərbaycanda da bu virusa yoluxma sayında kəskin azalma var, lakin karantin rejimi sonlanmır.

Müstəqil ekspertlər, müxalifət partiyaları, tənqidçilər bunun COVİD-lə bağlı olmadığını, altında başqa məqsədlər olduğunu söyləyirlər.

Ölkə rəhbərliyi isə bununla bağlı hər hansı tutarlı açıqlama verməyib.