"Bakı Metropoliteni" 45 min litr süd alır: 1 litr üçün 2,73 manat ödəniləcək

19-12-2023 13:30 / Bu xəbər 1307 dəfə oxundu

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) zərərli iş şəraitində çalışan işçiləri üçün 44 730 litr süd alacaq. 

Qaynarinfo xəbər verir ki, QSC bununla bağlı fərdi sahibkar Həsənova Esmira Hadı qızı ilə satınalma müqaviləsi imzalayacaq. 

Metropoliten 44 730 litrə görə Esmira Həsənovaya 122 452,85 AZN ödəyəcək. 

Bu halda südün 1 litri 2,73 AZN-ə düşür. 

Bazarda inək südünün 1 litri 1,40 AZN, camış südünün 1 litri isə təxminən 2 AZN-dir. 

Ticarət şəbəkələrində isə pasterizə olunmuş südün 1 litri 2 manat civarındadır. 

"Bakı Metropoliteni" QSC birdən-birə 44 730 litr süd alır, o zaman qiymət daha ucuz olmalıydı. 

Qurum cari ilin may ayında da Esmira Həsənovadan 41 670 litr süd alıb.

Buna görə sahibkara 95 882, 67 AZN ödənilib. 

Yəni "Bakı Metropoliteni" südün 1 litrini 2,3 AZN-ə alıb. 

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovdur. 

O, 2014-cü ildən bu vəzifədədir.