Bakıda Saleh Rüstəmovla bağlı aksiyaya qərar verildi

Bakıda Saleh Rüstəmovla bağlı aksiyaya qərar verildi

30-11-2021 00:14 / Bu xəbər 3606 dəfə oxundu

Bir qrup ictimai fəal Qarabağ qazisi, hazırda həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmovla bağlı aksiya keçirməyə qərar verib.

Bu barədə fəallar Fesbukdakı eventdə məlumat yayıblar.
 
Aksiyanın təşkilatçıları keçmiş siyasi məhbus İlkin Rüstəmzadə və siyasi fəal Mete Türksoydur. 

Onlar bildiriblər ki, Saleh Rüstəmli artıq 24-cü gündür ki, aclıq aksiyası keçirir. 

"Hakimiyyət, Saleh bəyi həbsxanada öldürməkdə israrlıdır. Saleh bəyin səhhəti kritikdir, o hər saat ölə bilər", - deyə təşkilatçılar qeyd edib. 

Aksiya dekabrın 1-i, saat 15:00-da Fəvvarələr Meydanında baş tutacaq.
 
"Biz, Azərbaycanın vicdanlı insanlarını Saleh bəyin həbsinə etiraz etmək üçün 1 dekabr, saat 15.00-da Fəvvarələr Meydanında dinc etiraz aksiyasına dəvət edirik!", - deyə təşkilatçılar məlumat yayıblar.  

Təşkilatçılardan Mete Türksoy Arqument.az-a bildirib ki, aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məktub da ünvanlayıblar. 

Saleh Rüstəmov 2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gəlib və Şəmkirdə saxlanılıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.

İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.

Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub.

Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pulları leqallaşdırmaqda ittiham olunublar.

İddiaya görə, Saleh Rüstəmov AXCP-yə 420 min dollar pul göndərib. Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir.

Saleh Rüstəmov bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.

Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib.

Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.

Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.

Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.