Bəşir Süleymanlının valideynləri polisə aparıldı: "Səfirliklərə məlumat vermişəm"

Bəşir Süleymanlının valideynləri polisə aparıldı:

31-03-2017 15:56 / Bu xəbər 3178 dəfə oxundu

Son dövrlərdə ölkəmizdə ictimai siyasi aktivistlərin, vətəndaş cəmiyyəti nümayədələrinin ailələrinə basqılar artan tendensiya ilə davam edir. Həmin şəxslər haqqında  informasiyaları qanunsuz yollarla, hədə-qorxularla şəxslə mənəvi yaxınlığı olan insanlardan toplanmağa yönəlik addımlar atılır. 

Martın 30-da bu hadisə ilə keçmis siyasi məhbus, hüquq müdafiəçisi Bəşir Süleymanlının ailəsi də qarşılaşıb. Onun Yevlax şəhərində yaşayan atasını polis bölməsinə çağıran polis rəisi Bəşir Süleymanlının rayon səfəri ilə bağlı suallar verib. Hətta bu hallar daha öncə də baş verdiyindən Bəşir Süleymanlının anasının səhhətinə də mənfi təsir edib.

Bəşir Süleymanlı bildirib ki, valideyinlərinin həyatı ilə bağlı xoşagəlməz dəyişiklik olarsa, bunun məhsuliyyətini hakimiyyət daşıyacaq.

"Beynəlxalq təşkilatlara, səfirliklərə məlumat vermişəm"

Bəşir Süleymanlı Toplum.tv-yə açıqlamasında bu prosesi vətəndaş cəmiyyətinə, hüquq müdafiəçilərinə olan təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirib və qanunazidd olduğunu vurğulayıb:

"Hər hansı ictimai siyasi fəalın, aktivistin, vətəndaş cəmiyyəti nümayəndəsinin yaxınlarının təzyiqə məruz qalması qanuna ziddir. Əgər problem varsa, həmin şəxsin özü ilə bağlı araşdırma aparıla bilər. Şəxsən mən özüm yetkinlik yaşına çatmamış şəxs deyiləm, suallara cavab vermək iqtidarında olmayan şəxs deyiləm ki, valdeyinlərim polis şöbəsinə çağırılsın. Bu, qanunsuzdur”.

"Ümumilikdə Azərbaycanda son dövrlər bu, tendensiya xarakteri alıb. İctimai siyasi fəalların, aktivistlərin, vətəndaş cəmiyyəti nümayəndələrinin yaxlarına təzyiq artaraq davam edir. Onları bu qanunsuz yolla fəaliyyətlərindən çəkindirmək istəyirlər. Hüquq mühafizə orqanlarının birbaşa siyasi prosseslərə müdaxiləsidir. Polis siyasətdən kənar olmalıdır. Polisin ictimai siyasi məsələ ilə məşğul olan şəxslər ətrafında əməliyyatlar aparması tamamilə qanunsuzdur. Bununla bağlı beynəlxalq hüquq müdafiə təşkilatlarına, səfirliklərə məlumat vermişəm ki, artıq vətəndaş cəmiyyəti nümayəndəsinə qarşı bu tendensiya artmaqla davam edir”, – deyə hüquq müdafiəcisi vurğulayıb.

"Vəzifə səlahiyyətlərindən sui-istifadədir"

Məsələni hüquqi tərəfdən izah edən Ələsgər Məmmədli isə bildirib ki, hər hansı hüquq müdafiəçisinin fəaliyyətinə görə təqib olunması və ya təzyiq məqsədi ilə onun ailə üzvlərinə qarşı qanunsuz hərəkətlər yolverilməzdir: "Hər hansı hüquq müdafiəçisinin, hüquqla məşğul olan şəxsin ailə üzvlərinin fəaliyyətinin qanunsuz araşdırılması, qanunsuz proseslərə cəlb olunması bilavasitə həmin şəxsin fəaliyyətini məhdudlaşdırmağa yönəlik təşəbbüsdür. Bu, əlbəttə ki, yolverilməzdir. Ümumiyyətlə hüquq-mühafizə orqanları da, o cümlədən dövlət qurumlarının bu və ya digər formada səlahiyyətini həyata keçirən hər kəs ilk növbədə qanunlara uyğun hərəkət etməlidir. Qanunsuz heç bir addım atmamalıdır. Heç bir əlaqəsi olmadan hər hansı bir faktla və ya cinayətlə bu və ya digər formada uzaqdan yaxından əlaqəli olmayan, şahid qismində olmayan şəxslərin sırf hansısa qohumunun məşğul olduğu fəaliyyətlə bağlı araşdırılması, narahat edilməsi vəzifə səlahiyyətlərindən sui-istifadədir. Bu prosesə cəlb olunan həmin şəxslərin fəaliyyəti qanunsuz fəaliyyətdir. Şəxslərin özəl həyat bilgilərini, fərdi məlumatlarını əldə etmədir. Bu baxımdan da bu, konstitsion hüquq və azadlıqların rəsmi fəaliyyətli şəxslər tərəfindən kobud şəkildə pozulmasıdır”. 
Hüquqşünas əlavə edib ki, normalda bunlarla bağlı ölçü götürülməlidir: "Məsələ ictimai müzakirəyə çıxarıldığı üçün bununla bağlı rəsmi mövqe bəlli olmalıdır ki, qanunsuz olaraq kiminsə fəaliyyətinə görə başqalarını araşdıran şəxslər hansı hüquqi məhsuliyyət daşıyacaq, onlarla bağlı hansı ölçü götürüləcək. Bu da ictimaiyyətə təqdim olunmalıdır".

Hollandiyada yaşayan azərbaycanlı bloger Orduxan Teymurxanın yaxın qohumlarına inzibati həbs cəzası verilmişdi. Bacıları fevralın 18-də Suraxanı rayon Polis İdarəsinin 32-ci polis bölməsinə aparılmışdı. Fevralın 19-u onun bacılarını sərbəst buraxsalar da, qardaşı, yeznəsi və bacısı oğlu polis bölməsində saxlanılmışdı. 

Blogerin açıqlamalarına görə, ailəsi onun xaricdəki fəaliyyətinə və Azərbaycan hakimiyyətinə qarşı söylədiyi tənqidi fikirlərə görə incidilirdi. 

Eyni hadisə yanvar ayının 6-sında Avropada yaşayan aktivist, rokçu Camal Əlnin də başına gəlmişdi.

Gülzar N. Məmmədli