Bəxtiyar Hacıyev: Harvarddan həbsxanaya

Bəxtiyar Hacıyev: Harvarddan həbsxanaya

26-12-2022 12:59 / Bu xəbər 1085 dəfə oxundu

Ramin Deko

Tələbə idim, o dövrün ən məşhur isimlərindən biri Bəxtiyar Hacıyev idi. 

Üçüncü kursda oxuyurdum, internetin zəif və geniş vüsət almadığı zamanlarda hər gün universitetin ayaq hissəsində (yaxınlıqdakı hündürmərtəbəli binalardan universitetə baxanda insan siluetinə bənzəyirdi) yerləşən Quantanamo həbsxanasına bənzər internet kluba düşüb saytlara baxardım. 

O dövrün ən məşhur saytlarından birini elə Bəxtiyar yaratmışdı: "Susmayaq.biz". 

Domen çox maraqlı və cəlbedici idi. Bəxtiyar təkbaşına işlədirdi saytı, amma hər kəsə açıq idi, hamı məqalələrə öz fikrini sərbəst qeyd edirdi, təhqir və dini, irqi ayrı-seçkilikdən başqa nə istəsən, yaza bilərdin, senzurasız yayımlanırdı. Bu o zamanlar idi ki, Bəxtiyar Harvardı bitirmişdi. 

O zaman üçün Harvard sadəcə bir yuxu, yalnız varlı balaların oxuya biləcəyi bir təhsil ocağı idi. Kasıb bir ailənin övladı Amerikada restoran-kafelərdə işləyə-işləyə, küçədə-bacada yata-yata Harvardı bitirməsi ayrı bir eyforiya idi. 

İllər sürətlə keçdi, Bəxtiyar haqda bəzi miflər öldürülməyə başlanıldı və okeanın o tayından tənqidləri bəziləri üçün səmərəsiz göründü. Çox keçmədi o gəldi Bakıya, Amerikada qalsaydı, indi böyük bir karyerası vardı. Seçkidə iştirak etdi, bir müddət sonra isə həbs edildi...

...İndi yenə də həbsdədi, aclıq edir. Canıyla əlləşir, nə hökumət onu azadlığa buraxır, nə də o aclığı dayandırır. Nəsə demək, yazmaq olmur. 

Nə deyək: Allah qapını açsınmı, Avropa qapını açsınmı? Heç özüm də bilmirəm. Sadəcə ümid edirəm, tezliklə Bəxtiyarla bayırda görüşəcəyik.