Sakinlər: "Azərbaycanın bu kəndinə yol feodalizm dövründə çəkilib"
03-08-2023 14:23 / Bu xəbər 1204 dəfə oxundu
İsmayıllının İstisu kəndinin bir qrup sakini Prezident İlham Əliyevə müraciət edib.
Bu barədə "Arqument.az"a müraciət edən sakinlər yerli məmurların biganəliyindən şikayətlənirlər.
"Biz İsmayıllı rayonu İstisu kənd sakinləriyik. İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən 4 tərəfi dağ çay və meşələr olan səfalı kənddir. Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur, indiyə kimi bu kəndə yol çəkilməyib. Bəlkə də, Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın. Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə, hətta piyada yermək çox çətindir. Bu səbəbdən əhali çox əziyyət çəkir. Kəndin 1500 dən çox əhalisi 400 yaxın təsərrüfatı var. Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur. Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır. Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır", - deyə sakinlər qeyd ediblər.
Onların sözlərinə görə, problemlə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətinə edilən müraciətlərə də baxılmır:
"Yol olmadığına görə kəndə turistlər gələ bilmir. Ancaq İstisu, bəlkə də, təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür. Kəndin 4 tərəfi meşəli dağlardır. Çay axır, yayda da havası xoş və daima sərin olur. Kəndə yol çəkilərsə, turistlər axın edəcək. Bu barədə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciət etmişik, amma heç bir tədbir görülməyib".
Sakinlər ölkə başçısından kəndin yolunun nəzarətə götürülməsi və təmir edilməsi ilə bağlı göstəriş verilməsini xahiş edirlər: "Xahiş edirik ki, bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz".
İsmayıllı Rayon İcra Hakimiyyəti şikayətlə bağlı "Arqument.az"ın sorğusunu cavablandırmayıb.