Taleh Qaraşovun 228 minlik fasad təmiri: qalib şirkətlə bağlı ziddiyyətli məlumatlar
06-08-2023 11:30 / Bu xəbər 1023 dəfə oxundu
Lənkəran Şəhər İcra hakimiyyəti "Lənkəran şəhər ərazisi üzrə yaşayış sahələrinin fasad və giriş hissələrində aparılacaq bir sıra işlərin satın alınması” ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Topxana Layihə İnşaat” MMC qalib seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 228.861,77 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Topxana Layihə İnşaat" MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
"Topxana Layihə İnşaat” MMC 2021-ci ilədək RRT LTD Firması adı altında fəaliyyət göstərib.
Maraqlıdır ki, bu şirkətin qeydiyyata alınma tarixi ilə "Topxana Layihə İnşaat" MMC-nin qeydiyyata alınma tarixi arasında ziddiyyət var.
Reyestr məlumatlarında görünür ki, RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb.
2021-ci ildə isə adı dəyişdirilərək "Topxana Layihə İnşaat” MMC qoyulub. Əgər "Topxana Layihə İnşaat” MMC RRT LTD Firmasının varisidirsə və sözügedən firma 2007-ci ildə qeydiyyata alınıbsa, o zaman necə olur ki, "Topxana Layihə İnşaat” MMC-nin 1996-cı ildə qeydiyyata alınır? Bu sualın cavabı açıq qalır.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlara nəzər saldıqda "Topxana Layihə İnşaat” MMC-nin tenderlərdə fəal iştirak etdiyi aydın olur.
Maraqlıdır ki, şirkət əsasən iri məbləğli tenderlərin qalibi olur.
"Topxana Layihə İnşaat” MMC Naxçıvan nümayəndəliyi də var. Amma nədənsə uzun illərdir fəaliyyə göstərən, iri məbləğli tenderlərin qalibi seçilən, hətta Naxçıvan nümayəndəliyi olan şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
Şirkətin əlaqə telefonlarına və internet səhifəsinə də rast gəlinmir.
Şirkətin bu günə qədər Fuad Ələkbərov da daxil dörd nəfər təmsil edib. MMC-nin ilk qanuni təmsilçisi Talıbov Cavanşir Rəşid oğlu, ondan sonra Babayev Asim Kamal oğlu olub.
Asim Babayevi Bayramov Əli Kamal oğlu əvəzləyib. Əli Bayramov cari ilin iyun ayında Fuad Ələkbərovla əvəzlənib.
"Topxana Layihə İnşaat” MMC 2023-cü ilin iyun ayına qədər 10 manatlıq nizamnamə kapitalı ilə fəaliyyət göstərib. İyunda nizamnamə kapitalının üzərinə 110 000 AZN əlavə edilib.
Lənkəranda görüləcək işlərə gəlincə, şərtlər toplusunda aydın olur ki, söhbət fasadın rənglənməsi, taxta qapıların sökülməsi, pilləkanların, tavan və meydançaların əhənglə rənglənməsi, dəmir qapılar qoyulması və s. bu kimi xırda təmir işlərindən gedir.
Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifədədir. Ümumiyyətlə isə Taleh Qaraşov ən uzun ömürlü icra başçılarından hesab edilir.
O, 27 ildir ki, icra başçıcı vəzifəsi daşıyır. Taleh Qaraşov 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub.