Nəcməddin Sadıqovun bacısı oğlu “Tərtər işi”nə görə dindirilib
02-08-2023 15:42 / Bu xəbər 880 dəfə oxundu
İşgəncələrə görə zərərçəkənlərin ən çox şikayətləndikləri şəxslərdən biri – Cəfər Seyidov dindiriləndə məhkəmədə gərginlik yaşanıb
2017-ci ilin mayında Tərtərdə yüzlərlə əsgər və zabitə işgəncə verilməsi, nəticədə onlardan bir neçəsinin ölməsiylə bağlı cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. Tərtər işgəncələrilə bağlı işə Bakı Hərbi Məhkəməsinin hakimləri baxsa da, məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksinin binasında keçirilir.
Avqustun 1-də keçirilən məhkəmə iclasında 27 ildən çox Azərbaycan Ordusunun Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqovun bacısı oğlu Ramil Əsgərov, Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri Əziz Seyidovun oğlu Cəfər Seyidov və daha iki nəfər şahid qismində dindirilib.
Tərtər işgəncələrindən zərərçəkənlər və ya ölənlərin yaxınlarının cəzalandırılmasını ən çox tələb etdikləri şəxslərin siyahısında Cəfər Seyidovun da adı var. Zərərçəkənlər ifadələrində bildirirlər ki, Cəfər Seyidov və həmin dövrdə komandiri olduğu "Sualtı Hücum” Dəniz Xüsusi Təyinatlıları işgəncələrdə birbaşa iştirak edib. Hətta bir neçə nəfəri işgəncə ilə öldürüb.
Lakin məhkəmədə ifadə verən Cəfər Seyidov bildirib ki, özü də, rəhbərlik etdiyi hərbi qüvvələr də işgəncələrdə iştirak etməyiblər. Onlar yalnız mühafizənin təşkili, yaralıların xəstəxanaya çatdırılması kimi işlərə kömək üçün ora getmişdilər.
"Həmin hadisələr vaxtı Tərtərdən yaralılar hospitala hansı vəziyyətdə aparılırdı?” – zərərçəkmişlərin bu sualına cavab olaraq, Cəfər Seyidov bildirib ki, onların vəziyyəti normal olurdu, özlərini idarə edə bilirdilər. Zərərçəkmişlər isə onun məhkəmədə dediklərinin hamısının yalan olduqlarının bildiriblər. Deyiblər ki, hospitala adamlar işgəncədən koma vəziyyətinə düşəndə aparılırdı. Hətta bir neçəsi də hospitalda ölüb. Zərərçəkmişlər vurğulayıb ki, el arasında "dəniz pişikləri” adlandırılan "Sualtı Hücum” Dəniz Xüsusi Təyinatlıları Tərtər hadisələri zamanı insanlığa sığmayan işgəncələr verməklə məşğul olub.
Cəfər Seyidov onu da iddia edib ki, Tərtərdə olduqları müddətdə işgəncələrin şahidi olmayıb. Onun bu cür ifadələri məhkəmə zalındakı zərərçəkmişlərlə aralarında gərginliyin yaranmasına səbəb olub. Zərərçəkənlər Cəfər Seyidovun yalan danışmasına, hakimlərin buna göz yummasına, ümumiyyətlə, onun cəzasız qalmasına etiraz ediblər.
Nəcməddin Sadıqovun bacısı oğlu, Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəisi, general-mayor Ramil Əsgərov isə ifadəsində təsdiqləyib ki, Tərtərdə olarkən orada dindirməyə cəlb edilən hərbçilərə qarşı qanunsuz hərəkətlərin şahidi olub. Lakin bütün səlahiyyətlilər bu barədə məlumatlı olduğuna görə kiməsə həmin qanunsuzluqlar haqda xəbər verməyə ehtiyac görməyib.
General Ramil Əsgərovun sözlərinə görə, o, mayın 7-də Tərtərə gedib. O iddia edib ki, Müdafiə Nazirliyinin rəhbərliyi onları istintaqa kömək məqsədilə ora göndərmişdi. Ramil Əsgərov etiraf edib ki, Nəcməddin Sadıqovun bacısı oğlu olduğuna görə ondan çəkinirdilər. Buna baxmayaraq, hərbçilərə qarşı işgəncələrin şahidi olduğu halda, heç bir tədbir görməməsinin səbəbi haqda sualı cavablandırarkən bildirib ki, orada ondan daha səlahiyyətli şəxslər vardı. O vurğulayıb ki, orada olan korpus komandiri Hikmət Həsənov müdafiə naziri, Baş Qərargah rəisiylə mütəmadi danışırdı. Hərbi Prokuror, müavini, müstəntiqləri orada idi.
Ramil Əsgərov suallara cavabında bildirib ki, 2020-ci il oktyabrın 23-də (həmin vaxt müharibə gedirdi-red.) öz ərizəsi ilə vəzifədən azad edilib. Ona 2020-ci ilin iyununda general-mayor rütbəsi verilmişdi.
Məhkəmədə Ramil Əsgərovun tabeliyində çalışmış Roman Məmmədov da şahid qismində ifadə verib. O bildirib ki, Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi Rauf Kişiyev, Təhqiqat idarəsinin rəisi Elçin Əliyevi və digərlərini orada görüb. Orada şahidi olduğu işgəncə hallarını, qanunsuzluqları niyə məruzə etməməsi haqda sualı cavablandıran Roman Məmmədov bildirib ki, məruz edə biləcəyi adamların bir çoxu elə orada idi.
Məhkəmədə rabitə xidməti üzrə dindirilmiş şahid Vüsalə Musayeva bildirib ki, nəzarət etdiyi cihazlarda dövlətə xəyanət, qarşı tərəfə məlumatların ötürülməsi kimi hallar müşahidə etməyib: "Elə bir hal olsaydı, yadımdan çıxmazdı…”.
Hazırda Bakı Hərbi Məhkəməsinin icraatında Tərtərdəki işgəncələrlə bağlı üç ayrı qrupun işi var. Bunların arasında cinayət məsuliyyətinə cəlb olunan ən yüksək vəzifəlisi bir hərbi hissə komandiri və korpusun hüquqşünasıdır. Bu isə zərərçəkənləri qane etmir. Onlar bildirirdir ki, birbaşa işgəncələrdə iştirak etmiş xeli sayda adamlar cinayət məsuliyyətindən kənarda qalıb və hazırda da yüksək vəzifələrdə çalışırlar. Həmin şəxslərdən bəziləri məhkəmədə şahid qismində dindirilərkən zərərçəkənlər bu tələblərini açıq şəkildə dilə gətiriblər.
Bundan başqa, zərərçəkənlər hərbi prokuror Xanlar Vəliyev, müdafiə naziri Zakir Həsənov, o dövrdə korpus komandiri olmuş Hikmət Həsənov, dövlətə xəyanət ittihamıyla həbs edilmiş, 5 il yarım sonra bəraət alan şəxslər haqqında uzunmüddətli cəza hökmünü çıxaran, yuxarı instansiya məhkəmələrində qüvvədə saxlayan hakimlərin cəzalandırılmasını tələb edirlər. Yeri gəlmişkən, həmin işlərə Ali Məhkəmənin Hərbi Kollegiyasında baxılıb. Vaxtilə onları günahkar çıxaran qərarların bir neçəsinə məhz Əziz Seyidovun ya özü, ya da onun sədrlik etdiyi kollegiyanın üzvləri imza atıb.(Meydan TV)