Beyləqanda onkoloji xəstə dərmanla təmin olunmur

Beyləqanda onkoloji xəstə dərmanla təmin olunmur

31-07-2023 21:26 / Bu xəbər 966 dəfə oxundu

"Təkcə ağrıkəsici dərmanlara hər gün 20 manatadək pul ödəyirik”

Onkoloji xəstəlikdən əziyyət çəkən şəxsin ailə üzvləri hökumətin onlara laqeyd münasibətindən gileylidir.

"Onkoloji xəstələr Allahın ümidinə buraxılıb. Müalicəsindən tutmuş, dərmanla təminatadək bütün xərclər xəstə yaxınları tərəfindən ödənilir”, – bunu onkoloji xəstəlikdən əziyyət çəkən İlyas İbişovun yaxınları deyiblər. 

70 yaşlı İlyas İbişov Beyləqan rayonunun Şahsevən kənd sakinidir. Onun vəziyyətinin ağır olduğu, yalnız ağrıkəsici dərmanlarla yaşadığı bildirilir.

Yaxınları deyir ki, ağrıkəsicilər dövlət tərəfindən verilmir. Bu səbəbdən də təkcə ağrıkəsici dərmanlara hər gün 20 manatadək pul ödəyirlər. Həmin vəsait isə aşağıbüdcəli ailə üçün az məbləğ deyil.

"Beyləqan Rayon Mərkəzi Xəstəxanasından deyirlər ki, təkcə bizim rayonda 702 onkoloji xəstə var. Bakıdan dərmanlar vaxtı-vaxtında çatdırılmır. Amma xəstələr də bu dərmanların ümidinə yaşayırlar”,- xəstə yaxınları deyiblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Meydan TV-yə bildiriblər ki, "Onkoloji yardım haqqında” Qanuna əsasən onkoloji xəstəliklərin müayinə və müalicəsi Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həyata keçirilir.

Səhiyyə Nazirliyindən isə məsələ ilə bağlı münasibət bildirilməyib.

"Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə tədbirlər proqramı”na əsasən onkoloji xəstələrə bir sıra dərman preparatları pulsuz verilir. 

Dərman preparatları siyahısına 229 dərman və dərman preparatı daxildir.