Biz kimə nəyi sübut edirik?!

Biz kimə nəyi sübut edirik?!

09-03-2024 12:57 / Bu xəbər 806 dəfə oxundu

Əhməd Məmmədli 

Həbs olunan jurnalistlərin və ailələrinin vəziyyətini sırf maddiyyat yönümlü işıqlandırmağı və buna fokuslanmağı zərərli hesab edirəm. 

Bu yolla onları məzlum kimi göstərib, insanların dəstəyini qazanmaq düzgün metod deyil. 

Qısaca izah edim…

Birincisi, bu insanların əksəriyyəti kasıb olduğu üçün yox, sırf bu sistemə qarşı olduqları üçün peşə fəaliyyətlərinə əngəl törədilib. Bu insanların istər təhsil səviyyəsi, istərsə də bilik və bacarıqları kifayət qədər siyasi baxımdan daha təhlükəsiz işlərlə məşğul olub, yaxşı əməkhaqqı əldə etməyə kifayət edə bilərdi.

Sadəcə, onlar çətin olanı seçiblər və buna görə də həbs olunublar. Bu insanlar məzlum deyil, kifayət qədər məğrur personajlardır. Bəzilərini şəxsən daha yaxından tanıdığım üçün buna həm də əminəm. Yəni bu, sadəcə, mülahizə deyil, həm faktiki vəziyyətin təsviridir.

İkincisi, bu insanların günahsız olduğunu hamı bilir. Sırf onların maddi vəziyyətinə vurğu edərək bunun əksini sübut etmək tamam əks düşüncə yarada bilər insanlarda. Bir insan kifayət qədər zəngin bir ailədən və yaxşı maaşlı işdən də yaxşı qazanıb evində pul saxlaya bilər. Onun evinə dövlət tərəfindən qoyulan pul isə özününkü olmaya bilər. Hər halda Azərbaycandakı vəziyyəti bilən adam üçün bu heç də qeyri-adi hal deyil.

Bizim günahsız olan və qondarma maddələrlə həbs olunan Toplum TV,  "Abzas Media" əməkdaşlarının, habelə onlardan əvvəl həbs olunan ictimai-siyasi fəallar və dindar icmanın təmsilçilərinin təqsirsizliyini dəfələrlə və israrla cəmiyyətə qəbul etdirmək kimi bir öhdəliyimiz yoxdur. Çünki ölkədə yaşayan hamı vəziyyəti gözəl bilir. Sadəcə, etiraz etmək üçün öz komfort zonasını tərk etmək istəmirlər. Bu, onların öz seçimləridir.

Öz haqqını tələb edənlər onsuz da fərdi olaraq da hüquq və azadlıqlarını tələb edəcək və yenə onların məhkəmələrində öz komanda yoldaşları və siyasiləşmiş şəxslər iştirak edəcək. Geniş tamaşaçı seqmenti isə sakitliyini qorumağa davam edəcək. 

J.P.Sartr deyirdi ki, inqilabı yalnız onun üçün darıxanlar edirlər. Darıxan şəxslər isə günün yarısını işə getməyə və işə sərf edib, həyatlarını ancaq maddi hədəflər üzərində quranlar deyillər, çünki onların darıxmağa vaxtları yoxdur. 

Yalnız müəyyən dövrdə və periodda darıxan şəxslərin təşkilatçılığı ilə qəzəbləri artıb həddini aşa bilər. Nəzərə alaq ki, ölkədə sistemə qəzəblənənlərin əksəriyyəti ya özünə qəsd edir, ya da onların hiddətini başqa cür yönləndirirlər və bu prosesdə də hakimiyyətlə müxalifət bərabər səviyyədə iştirak edir.

İndi biz kimə nəyi sübut edirik: darıxmaq istəyənlərə, yoxsa darıxmağa vaxtı olmayanlara?!