AŞPA məruzəçiləri Qubad İbadoğlunun həbsdən buraxılması qərarını alqışlayıb

AŞPA məruzəçiləri Qubad İbadoğlunun həbsdən buraxılması qərarını alqışlayıb

23-04-2024 17:02 / Bu xəbər 395 dəfə oxundu

Məruzəçi jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların azadlığa buraxılmasına ümid etdiyini deyib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) "Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlər” mövzusunda məruzəçisi Hanna Bardell azərbaycanlı alim, iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına buraxılması qərarını alqışlayıb.

Qubad İbadoğlu 23 iyul 2023-cü ildə həbs edilib. Ona qarşı "mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlamaq, əldə etmək və ya satmaq” ittihamı irəli sürülüb.

AŞPA-nın siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Avarsdottir isə açıqlamasında ona qarşı irəli sürülən ittihamların siyasi motivli olmasından narahatlığını ifadə edib və dərhal tam azadlığa buraxılmasına çağırıb.

"Onun sağlamlıq vəziyyəti də yaxşı deyil, buna görə həbsdən ev dustaqlığına buraxılması qərarını alqışlayıram. Mən Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq ona qarşı irəli sürülən bütün ittihamları dərhal nəzərdən keçirməyə və siyasi motivli ittihamları ləğv etməyə çağırıram. Həmçinin Azərbaycanda siyasi motivlərlə həbs olunan bütün digər jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların azadlığa buraxılmasına ümid edirəm”, – o bildirib.

Məruzəçilər Qubad İbadoğlunun azadlığa buraxılmasını düzgün istiqamətdə ümidverici əlamət kimi görürlər.

Aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Qubad İbadoğlu ev dustaqlığına buraxılıb.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.
Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora özləri yerləşdirib, sonra da götürüblər.

Avqustun 25-də ona Cinayət Məcəlləsinin 167-3.1-ci (Dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub. Qubad İbadoğlu bu ittihamın da absurd olduğunu deyib və etiraz əlaməti olaraq, ifadə verməkdən imtina edib.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra məkandan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.(Meydan TV)