Blinken Əliyevlə Paşinyana zəng edib: sülh prosesini davam etdirməyə çağırıb
29-04-2024 00:03 / Bu xəbər 900 dəfə oxundu
"Blinken bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs edilənləri azad etməyə çağırıb"
ABŞ dövlət katibi Entoni Blinken bazar günü Azərbaycan Prezidenti Əliyev və Ermənistanın Baş naziri Paşinyanla ayrı-ayrılıqda danışıb, iki ölkə arasında uzunmüddətli və layiqli sülh sazişinə doğru irəliləyişi dəstəkləyib.
Bu barədə "Turan"ın Vaşinqtondakı müxbiri xəbər verib.
"Əliyevlə söhbətində Binken Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə etməyə razı olduqlarına dair ötən həftə verdiyi bəyanata görə ona "təşəkkür” edib və bunun davamlı və ləyaqətli sülhə nail olmaq üçün hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb”, - Dövlət Departamentinin bəyanatında deyilir.
"Dövlət katibi ABŞ-ın onlara dəstək verməyə hazır olduğunu təsdiq edərək, prezident Əliyevi erməni həmkarı ilə birlikdə irəliləməyə davam etməyə çağırıb”, - bəyanatda deyilir.
Dövlət Departamentinin sözçüsü Metyu Miller öz növbəsində deyib ki, Blinken, həmçinin ABŞ-ın Azərbaycanla güclü ikitərəfli münasibətlərə sadiqliyini vurğulayıb: "Əməkdaşlıq səylərini, enerji, iqlim və kommunikasiyalar, Bakıda keçiriləcək COP29-un müvəffəqiyyətini təmin etmək üzrə ortaq məqsədlərini qeyd edib".
Onun sözlərinə görə, Bilnken Azərbaycanın Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını da humanitar jest kimi alqışlayıb və onun tam və tezliklə azadlığa buraxılmasına çağırıb.
Dövlət Departamentinin bəyanatında deyilir: "Dövlət katibi Blinken bir daha Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs edilənləri azad etməyə çağırıb”.
Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatlna görə, İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb.
İlham Əliyev sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.
Blinken Ermənistanın baş naziri Paşinyanla telefon danışığı zamanı həmçinin təsdiq edib ki, ABŞ Ermənistanı və Azərbaycanın Alma-Ata bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadəsinə razılığını alqışlayır.
O həmçinin "ABŞ-ın Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmək üçün davam edən səylərini, həmçinin baş nazir Paşinyanın Ermənistanın firavan, demokratik və müstəqil gələcəyi ilə bağlımövqeyini” qeyd edib”, - deyə Dövlət Departamentindən bildirilib.
Öz növbəsində Ermənistan hökümətinin xəbərində deyilir ki, Paşinyan aprelin 5-də Brüsseldə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini alqışlayıb.
Həmsöhbətlər 2022-ci il oktyabrın 6-da Praqada dördtərəfli görüş zamanı əldə olunmuş razılaşmaların Ermənistan və Azərbaycan arasında sülh prosesi kontekstində əhəmiyyətini vurğuladılar.