BMT Təhlükəsizlik Şurası Laçın dəhlizindəki vəziyyəti müzakirəyə çıxarır

BMT Təhlükəsizlik Şurası Laçın dəhlizindəki vəziyyəti müzakirəyə çıxarır

20-12-2022 15:07 / Bu xəbər 953 dəfə oxundu

Ermənistan XİN açıqlama yaydı, rəsmi Bakı iclasın nəticəsini gözləyir…

BMT Təhlükəsizlik Şurası Ermənistanın tələbi ilə Laçın dəhlizindəki vəziyyəti müzakirə edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə (XİN) məsələ ilə bağlı hər hansı bir açıqlama yaymayıb.

XİN-in Mətbuat Xidmətindən Meydan TV-yə deyiblər ki, Azərbaycanın mövqeyi Təhlükəsizlik Şurasının iclasının nəticəsindən asılı olacaq.

KTMT qarışmır

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Laçın dəhlizi problemini öz məsuliyyəti hesab etmir”, – təşkilatın Baş katibi Stanislav Zas "Novosti” agentliyinə belə deyib.

Baş katib əlavə edib ki, Laçın dəhlizi problemi KTMT-nin məsuliyyət dairəsindən kənardadır və bu məsələ ilə bağlı təşkilata Ermənistandan heç bir müraciət daxil olmayıb: "Ona görə də bu məsələnin KTMT-nin məsuliyyət dairəsinə daxil olmadığı mövqeyindən çıxış edirik”.

Laçın dəhlizində nə baş verib? 

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər. 

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər. Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır. 

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.