Bəxtiyar Hacıyev Bəydəmirlinin həbsini və Sadıqova təzyiqləri pisləyib

Bəxtiyar Hacıyev Bəydəmirlinin həbsini və Sadıqova təzyiqləri pisləyib

10-07-2023 13:55 / Bu xəbər 1198 dəfə oxundu

Həbsdə olan siysi fəal Bəxtiyar Hacıyev iqtisadçı Nazim Bəydəmirlinin həbsini və vəkil Elçin Sadıqovun Kollegiyadan çıxarılmasını pisləyib.

Bu barədə "Arqument.az"a qardaşı Vüqar Hacıyev məlumat verib. 

O deyib ki, Bəxtiyar Hacıyev onunla telefonla danışıb və baş verənləri qınayıb: 

"Sabiq millət vəkili Nazim Bəydəmirlinin həbsini pisləyir, bunu geniş vüsət alan repressiv siyasətin davamı kimi qiymətləndirirəm. Nazim bəy ziyalıdır, ictimai-siyasi problemlərə daim aydın mövqe nümayiş etdirən şəxsiyyətdir, hakimiyyətin sosial-iqtisadi siyasətini haqlı və əsaslı tənqid edən iqtisadçıdır. Bəydəmirlinin və bütün siyasi məhbusların azadlığını tələb edirəm".

"Eyni zamanda, vəkilim, insan hüquqlarını usanmadan müdafiə edən, zorakılığa söykənən idarəetmədə siyasi və vicdan məhbuslarına keyfiyyətli hüquqi xidmət edən Elçin Sadıqovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasını pisləyirəm. İşgəncə, qeyri-insani rəftar, ləyaqəti alçaldan davranış hallarını hər zaman çəkinmədən ictimailəşdirən Elçin bəyə hakimiyyətin bu münasibəti onun peşəkar vəkillik fəaliyyətinə verilmiş repressiv cavabdır. Və bu hallar dövlətin gücündən yox, zəifliyindən xəbər verir", - qardaşının sözlərinə görə, Bəxtiyar Hacıyev belə deyib. 

Bəxtiyar Hacıyevin həbsi

2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi. Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir. Lakin Bəxtiyar Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edirdi. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Nazim Bəydəmirlinin həbsi...

Nazim Bəydəmirli iyulun 4-də saxlanılıb. 

O, vəkili ilə danışanda Gədəbəyin Söyüdlü kəndində baş verənlərə  görə saxlanıldığını deyib.
 
Sabiq deputat Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ("Bandotdel”) aparıldığını bildirib.

Daxili İşlər Nazirliyi isə iddia edir ki, Nazim Bəydəmirli şantajla pul tələb etməyə görə şikayət əsasında saxlanılıb.

Nazirliyin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Meydan TV-yə bildirib ki, Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib: "Vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək, ondan 50 min manat tələb etdiyini bildirib. O, iyunun 24-də Nazim Bəydəmirliyə 10 min manat versə də, qalan məbləği vermədiyinə görə o, şikyətçini ailəsi ilə şantaj edərək, rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda Nazim Bəydəmirli bu müraciət əsasında saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Nərimanov Məhkəməsi Nazim Bəydəmirli haqqında 4 ay həbs qətimkan tədbiri seçib.

Söyüdlü hadisəsi 

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb. 10-dan artıq kənd sakini və hadisənin təşkilində şübhəli bilinən şəxs saxlanılıb. Saxlanılanlar arasında narkotik ittihamı verilən də var. 

İyunun 22-də Gədəbəyin Söyüdlü kəndinə sakinlərdən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi (DİN) səbəb kimi ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsini göstərib.

Kəndin sakinləri isə bildirirlər ki, əsl səbəb iyunun 20-21-də etdikləri etiraz aksiyasıdır, onları nəzarətdə saxlamaq istəyirlər.

Söyüdlü kəndinin sakinləri iki gün ard-arda evlərinin yaxınlığında qızıl mədənləri üçün ikinci süni gölün salınmasına etiraz edib.

Sakinlər kəndlərində ikinci belə yaradılacaq su hövzəsinin kimyəvi maddələrlə dolu olduğunu, bunun isə sağlamlığa zərər vurduğunu bildiriblər.

Onların sözlərinə görə, bu su hövzələri onların əkin və örüş sahələrində salınır. Bu da əkinə, meyvəyə, ağaclara və insanların sağlamlığına zərər vurur.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər. Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər. Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Nazirlər Kabineti məsələ ilə bağlı komissiya yaradıldığını deyir. Komissiya dövlət məmurlarından formalaşıb, tərkibində müstəqil ekspert yoxdur. Hakimiyyət hadisəyə təxribat donu geyindirir, yerli mediada bununla bağlı eyniməzmunlu materiallar dərc olunur, hadisəni işıqlandıran müstəqil media hədəfə alınır.

Nazim Bəydəmirli baş verənlərə görə şirkəti tənqid etdiyi üçün hökumət mediası tərəfindən hədəfə alınıb. Buna görə də o, "Yeni Müsavat” saytını, Azərbaycan Dövlət Televiziyasını və deputat Elman Nəsirova qarşı məhkəmə iddiası qaldırıb.

Elçin Sadıqova təzyiqlər... 

İyulun 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Elçin Sadıqovun fəaliyyətini dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması üçün məhkəməyə müraciət barədə qərər qəbul edib.

Vəkillər Kollegiyası jurnalist Eynulla Fətillayevin şikayəti əsasında Sadıqovu xaric edib.

Sadıqov əsasən ölkədə media azadlığı, insan hüquqları və işgəncələrlə bağlı cinayət işlərində insanların hüquqlarını müdafiə etməsi ilə tanınır.

Sadıqov bildirib ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı siyasidir.