Siyasi fəal nazirin adına sorğu göndərib

Siyasi fəal nazirin adına sorğu göndərib

03-07-2023 16:24 / Bu xəbər 861 dəfə oxundu

Siyasi fəal Ruslan İzzətli daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Bu barədə İzzətli sosial media hesabında yazıb. 

"İyunun 20-də Gədəbəydə qızıl mədəninin tullantılarının atıldığı gölün ləğvini tələb edən Söyüdlü kənd sakinləri ilə polis arasında qarşıdurmanı əks etdirən və sosial mediada yayılmış videolarda iki polis əməkdaşının etirazçıların gözlərinə gözyaşardıcı qaz sıxdığı görünür.  

DİN-nin mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev sosial media hesabında yazmışdı ki,  polis əməkdaşı emosiyaya qapılaraq qadına qarşı ciddi qəbahətə yol verib və bunu qəbul edirik. Bununla bağlı müvafiq araşdırma aparılır, onun əməlinə hüquqi qiymət veriləcək", - deyə İzzətli bildirib. 

Ruslan İzzətli nazirdən soruşur ki, hər iki polis əməkdaşı ilə bağlı hansı hüquqi addım atılıb?

O, nazirə rəsmi qaydada sorğu göndərdiyini deyib: "Bununla bağlı bu gün daxili işlər naziri cənab Vilayət Eyvazova rəsmi sorğu göndərdim. Görək nazirlik hər iki polis əməkdaşı ilə bağlı hansı hüquqi addımı atıb və ya hüquqi proses hansı mərhələdədir?", - İzzətli belə deyib. 

Gədəbəydə nə baş verib?

İyunun 20-dən Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində qızıl yatağının sularından süni gölün yaradılmasına etiraz aksiyası başlayıb.

Sakinlər həmin süni gölün suyunun zəhərli olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirir.

Aksiya iştirakçıları bildirib ki, yaradılan su hövzəsində zəhərli maddələr toplanır.

Etiraza səbəb olan süni göl isə kənddə yaradılan ikinci su hövzəsidir.

Söyüdlü sakinləri daha öncə də eyni şikayətlərlə etiraz etmişdilər.

Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb.

Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.

Sakinlər həmçinin gölün suyunun içməli sulara qarışacağından ehtiyat edir, bunun nəticəsində yaranacaq xəstəliklərdən qorxurlar.

Sakinlərin keçirdiyi aksiya ilə bağlı həbs olunan və cərimələnənlərin olduğu deyilir.