"Bu təşəbbüs qrupunun qeydə alınması hüquq pozuntusudur" - Ələsgər Məmmədli

22-08-2016 15:38 / Bu xəbər 3330 dəfə oxundu

Ələsgər Məmmədli: "Bələdiyyə" adlı referendum təşəbbüs qrupunun yaradılması və qeydə alınması hüquq pozuntusudur".

Mərkəzi Seçki Komissiyası şənbə günü 26 sentyabr referendumunda Konstitusiyaya düzəlişlərin təşviqatı üzrə iki təşəbbüs qrupunun qeydiyyata alıb.

MSK-nın məlumatına görə, bir qrup ölkə bələdiyyəsi tərəfindən yaradılmış "Bələdiyyə" və ölkənin Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən yaradılmış "Vətəndaş cəmiyyəti" təşəbbüs qrupları təsdiq edilib. Hər iki qrup hökumətyönlü mövqedən çıxış edir, yəni Konstitusiyaya dəyişiklikləri dəstəkləyir.

Arqument.Az xəbər verir ki, hüquqşünas Ələsgər Məmmədli isə MSK-ının bu qərarını qanun pozuntusu adlandırıb. 

"Avqustun 20-də Mərkəzi Seçki Komissiyası (MSK) bir qrup bələdiyyənin təşəbbüsü ilə "Bələdiyyə” referendum üzrə təşviqat qrupunu qeydə aldığına dair informasiya yayıb.  Bu məlumat bir hüquq adamı kimi məni şoka saldı.

Azərbaycan Konstitusiyasında IX fəsil "Bələdiyyə” adlanır və idarəetmənin yerli əhəmiyyətli funksiyası məhz Konstitusiya ilə bu quruma həvalə edilib. Konstitusiyanın 144-cü maddəsi ilə bu qurumun səlahiyətlərinin çərçivəsini dəqiq sayaraq məhdud müəyyən edib. Yəni bu səlahiyyət çərçivəsindən kənara çıxmaq Bələdiyyələr üçün Konstitusiyanı pozmaqdır", - Ələsgər Məmmədli bildirib. 

Onun sözlərinə görə, bələdiyyələr konstitusion qurumdur, onların seçkilərdə tərəf kimi çıxış etməsi də yolverilməzdir: "Ayrıca, Seçki Məcəlləsində seçkiləri idarə edən qurum kimi nəzərdə tutulan komissiyaların məhz bu bələdiyyələrlə sıx əməkdaşlıq etməsi nəzərdə tutulub. Yəni bələdiyyələr seçki və referendumların keçirilməsi prosesində inzibati orqan funksiyası da daşıyır. Konstitusiyada müəyyən səlahiyyətlər verilən Prezident institutu, Baş Nazirlik, məhkəmə qurumları kimi bələdiyyələr də konstitusion qurumlardır. Seçki  və referendumlarda bunlar təşəbbüskar kimi çıxış edə bilməzlər. Bunların səlahiyyət çərçivəsi Konstitusiya ilə məhdudlaşdırılıb. Konstitusiyada isə 144-cü maddədə səlahiyyətlər 9 bənd üzrə aydın göstərilib. Bu səlahiyyətlər içərisində referendumda tərəf kimi təşəbbüs göstərmək konkret nəzərdə tutulmayıb. "Qanunla qadağan olunmayan hər şey sərbəstdir” - prinsipi vətəndaşların hüquq və azadlıqların həyata keçirilməsində tətbiq oluna bilər. Lakin konkret səlahiyyət dairəsi Konstitusiya ilə müəyyən edilən qurumların, Milli Məslisin, Məhkəmələrin, Bələdiyyələrin səlahiyyəti müəyyən edildiyi sərhədlərlə məhduddur. Bu qurumlara verilməyən səlahiyyətləri icra etməyə təşəbbüs göstərsələr, başqa sahələrə qanunsuz müdaxilə etmiş olarlar".

MSK-nın katibi Arifə Muxtarova Arqument.Az-a açıqlamasında bildirib ki, təşəbbüs qrupu bələdiyyələr deyil, sadə vətəndaşlar tərəfindən yaradılıb: "Biz qərarımızda da açıqlamışıq, bu barədə MSK-nın rəsmi saytında da məlumat var ki, təşəbbüs qrupunu sadə vətəndaşlar yaradıb. Sadəcə, adını "Bələdiyyə" təşəbbüs qrupu qoyublar. Yəni ad onların seçimidir. Biz bilirik ki, bələdiyyələrin seçkilərdə iştirakı və müdaxiləsi qanunla qadağandır. Ona görə də bunun bələdiyyə orqanlarının təşəbbüs qrupu kimi təqdim olunması doğru deyil. Bu təşəbbüs qrupunun bələdiyyə orqanları ilə heç bir əlaqəsi yoxdur". 
Arifə Muxtarova

Ələsgər Məmmədli isə MSK katibinin fikri ilə razılaşmır. O hesab edir ki, təşəbbüs qrupunun "Bələdiyyə" adı ilə qeydə alınması da qanun pozuntusudur və MSK bu adla qrupu qeydə almamalı idi: "Konstitusiyanın IX fəslindən aydın göründüyü kimi, bələdiyyələr qurum kimi təşəbbüs göstərə bilməz, prosesdə onlrın tərəf kimi çıxış etməsi qanunla qadağandır. Bələdiyyə üzvləri də, bələdiyyə vəzifələrində olan şəxslər də bu qurumda olmalarını üstünlük kimi təqdim edib, referendum üzrə təşəbbüs qrupunun təsisçisi ola bilməzlər. Təşəbbüs qrupunun adının "Bələdiyyə” olaraq seçilməsi təşəbbüskarların vətəndaş olması halında belə yolverilən deyil. MSK bu adı qeydə almamalı idi. Çünki Bələdiyyə konstitutsion qurumdur. Eyni ilə "Prezident”, "Milli Məclis”, "Ali Məhkəmə”, Konstitusiya Məhkəməsi”, "Baş Nazir” kimi adlar altında təşəbbüs qrupunun yaradılması necə mümkünsüzdür və buna təşəbbüs edənlər qeydə alınmırlarsa, "Bələdiyyə” adı da məhz konstitusion qurum olduğundan həmin addan sui-istifadəyə MSK yol verməməli idi.

Seçki Məcəlləsinin 61-ci maddəsi təşəbbüs hüququnu sadəcə vətəndaşlara verir. Lakin bunların da dairəsini məhdudlaşdırır. Məsələn, Seçki Məcəlləsinin 69.3-cü maddəsində bildirilir ki, bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılmasının təşəbbüsçüləri öz vəzifə mövqelərindən üstünlük əldə etmək üçün istifadə edə bilməzlər. Təsadüfi deyil ki, 69.5-ci maddədə açıq şəkildə bildirilir: "...bələdiyyə vəzifələrində olan referendum üzrə təşviqat qrupları yaradılması təşəbbüsçülərinin yalnız öz vəzifələrini icra etməkdən azad olunduğu vaxtda seçkiqabağı (referendumqabağı) təşviqat aparmaq hüququ vardır”".

"Sonda onu da vurğulamaq istərdim ki, Bələdiyyələr Seçki Məcəlləsinə əsasən seçici siyahılarının formalaşması, habelə komissiyaların harada formalaşmasına görə müəyyən səlahiyyətlər icra edir. Yəni seçicilərin şəxsi məlumatlarına malikdirlər. Belə olan halda, təşəbbüs qrupunda yer alan bələdiyyənin, onun vəzifəli şəxslərinin imza  toplaması zamanı əlində tutduğu  həmin şəxsi məlumatlardan qanunsuz istifadəsi necə önlənə bilər? Bu, özlüyündə hüquq pozuntusuna birbaşa dəvətnamə vermək deyilmi? Göründüyü kimi, MSK Konstitusiyaya zidd olaraq, "Bələdiyyə” adlı təşviqat qrupunu qeydə alıb. Bu, Referendumun nəticələrinin bəri başdan şübhə altına düşməsi ilə qiymətləndiriləcək", - hüquqşünas qeyd edib.   

Məsud Turan 
Arqument.Az