Cəbhədə son bir neçə ayda ilk gərginlik
22-02-2023 12:18 / Bu xəbər 1120 dəfə oxundu
Fevralın 21-də saat 20:45-dən fevralın 22-i saat 01:20-dək Azərbaycan ordusunun mövqeləri 15 dəfə atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidməti fevralın 22-də belə məlumat yayıb.
Ermənistan Silahlı Qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Azərbaycan ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Rusiya sülhməramlı kontingentinin komandanlığının məlumatında "Mardakert rayonunda atəşkəsin pozulduğu" bildirilir.
Ermənistan KİV atışma barədə məlumat verməyib.
Bu, son bir neçə ay ərzində atəşkəsin ən ciddi şəkildə pozulmasıdır.












