“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırılıb

“CINEMO” Mobil Film Festivalının qalibləri mükafatlandırılıb

25-02-2024 11:51 / Bu xəbər 681 dəfə oxundu

Nizami Kino Mərkəzində "CINEMO” Mobil Film Festivalının qala gecəsi baş tutub.

Layihənin təsisçisi və rəhbəri, aktyor Ruslan Sabirli festivalın "Fikir çəkmə, telefona çək!” devizi altında keçirildiyini bildirib. 

Mənası isə odur ki, "film çəkmək üçün peşəkar kameram yoxdur” deyib, fikir çəkmək əvəzinə, filmi mobil telefonuna çək.

Yəni, yaşından asılı olmayaraq hər bir kəs mobil telefonu ilə film çəkib, onu festivalın internet səhifəsində qeydiyyatdan keçirməklə, festivalda iştirak edə bilər.

Festivalın məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin təbliği və istedadlı gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.

Ruslan Sabirli layihənin böyük maraqla qarşılandığını bildirib. 

Qeyd edib ki, festivala 160 film təqdim olunub. İlk baxış zamanı onların arasından 70 sosial çarx, sənədli və bədii film seçilib. 

Peşəkarlardan ibarət münsiflər heyəti 70 film arasından 9 filmi qalib elan edib. 

Daha sonra festival qaliblərinə diplom və pul mükafatları təqdim olunub.

Festivalın "Sosial çarx” nominasiyası üzrə birinci yerə Məmmədəli Əbilovun "Qismət”, ikinci yerə Fikrət Gündüzlünün "Gəlincik”, üçüncü yerə Azər Kazımovun "Mənim adım autizmdır” filmləri layiq görülüb.

"Sənədli film” nominasiyasında birinci yeri Taleh Urfansoyun "Alovla savaşanlar”, ikinci yeri Sabir Nurullayevin "Şərqiyyə”, üçüncü yeri Emin Həsənovun "Daşların sirri” filmləri tutub.

"Bədii film” nominasiyasında isə birinci yeri Dilavər Manafov "44 ölçü”, ikinci yeri Şirin Əhmədovun "Bayram hədiyyəsi”, üçüncü yeri Aydan Qafarovanın "Bağlıdır-açıqdır” filmləri qazanıb.

Bu festival Azərbaycanda ilk tədbirdir ki, canlı olaraq Şərqi Avropa və Mərkəzi Asiya üzrə "TikTok" yayımçıları icmasının rəsmi səhifəsində yayımlanıb və bir çox ölkədən canlı izlənilib.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən "Yaradıcı Həftə” çərçivəsində start götürən "CINEMO” Mobil Film Festivalı Azərbaycan Kino Agentliyinin dəstəyi ilə baş tutub.

Ülviyyə