COP29 tədbirinə görə toylar təxirə salınır

COP29 tədbirinə görə toylar təxirə salınır

30-07-2024 23:29 / Bu xəbər 2009 dəfə oxundu

İqtisadçı deyir ki, şadlıq evlərinə dəyən ziyan qarşılanmalıdır

Bakıdakı şadlıq saraylarında noyabrın 8-dən 22-dək toy mərasimlərinin keçirilməsinin qadağan olunduğu bildirilir. 

Toyların təxirə salınmasına səbəb kimi bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası göstərilir.

Meydan TV məsələ ilə əlaqədar paytaxtda yerləşən bir neçə şadlıq sarayı və restoranla əlaqə saxlayıb. 

Məlum olub ki, həqiqətən də restoran və şadlıq saraylarına 2024-cü il noyabrın 8-dən 22-dək toy mərasimlərinin keçirilməməsi tapşırılıb.

"Bildiriş gəldi ki, noyabrın 8-dən 22-dək ölkədə böyükmiqyaslı tədbir keçiriləcək. Bu aralarda sıxlıq olacaq, qonaqların gəlişinə görə toyları təxirə salın. Həmin təqvimlərdə toy götürməməyimizi tapşırıblar”, – "Kolizey” restoranından Meydan TV-yə bildirilib.

Digər restoranlardan da bildiriş aldıqları və həmin tarixlərdə toy sifarişlərini götürmədiklərini deyiblər.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, dövlət şadlıq saraylarının fəaliyyətini dayandırdığı halda dəyən maddi zərəri ödəməlidir: "Əslində şadlıq saraylarına 14 gündə itirilmiş gəlirlərinə görə dövlət tərəfindən ödəniş edilməlidir. Çünki şadlıq saraylarında işçilər günəmuzd işləyirlər. Bir ayın yarısını da işsiz qalan adamların vəziyyəti çox pis olacaq. Amma reallıq budur ki, bizdə şadlıq saraylarının böyük bir hissəsi elə bir çox hallarda məmurlara məxsusdur. Buna görə də düşünmürəm ki, onlar dövlətə belə bir müraciət etsinlər”.

Natiq Cəfərli

İqtisadçı həmçinin deyir ki, dövlət səviyyəsində keçirilən tədbirlə əlaqədar fəaliyyəti dayandırılan şadlıq saraylarına vergi güzəştləri olunmalıdır: "Dünyada belə bir praktika mövcuddur. Avropa ölkələrində hətta hansısa küçə təmiri zamanı ticarət obyektlərinin bağlanması lazım gəlirsə, onlara itirilmiş gəlirlərə görə təzminat ödənilir. Azərbaycanda bu praktika yerli-dibli yoxdur. Belə bir presedent olmasa da belə, şadlıq sarayları təzminat tələb etmək haqqına malikdir. Amma tək vergi məsələsi problemin həlli deyil. Məntiqlə onların itirilmiş gəlirlərini də ödəməlidirlər”.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli isə hesab edir ki, Azərbaycan genişmiqyaslı beynəlxalq tədbirləri keçirmək gücünə malik deyil. 

O, Meydan TV-yə deyib ki, belə tədbirlər də ölkə vətəndaşlarının narahatlığı və sosial, maddi sıxıntıları hesabına başa gəlir: "Azərbaycanda artıq bu tədbirlə əlaqədar bir çox qadağa tətbiq edilir. Niyə bizə normal həyatımızı yaşamağa imkan vermirlər? Hər dəfə Azərbaycanda hansısa beynəlxalq tədbir keçiriləndə məhdudiyyətlər qoyulur. Şadlıq saraylarının fəaliyyətinin dayandırılması, yalnız restoran sahiblərinin deyil, ən əsası, orada işləyən insanların da çətin vəziyyətə düşməsi deməkdir”.

Vahid Məhərrəmli

"Azərbaycanda 2 milyona yaxın işsiz var. Şadlıq sarayları şəbəkəsində çalışanları nəzərə alsaq, görün, nə qədər ailə təxminən bir aylıq gəlirdən məhrum olur. Hesab edirəm ki, hökumət belə şeylərə getməməlidir. Heç bir ölkədə görülməyib ki, bir az gücə düşəndə, bu kimi qadağalar tətbiq etsinlər. Normal tədbir keçirməyə, həm də ölkə vətəndaşlarının və tədbirə qatılanların məmnun olmasına şərait yarada bilmirlər. Qonaqları məmnun edirlər, amma Azərbaycan əhalisi bundan əziyyət çəkir”, – Vahid Məhərrəmli bildirib.

Azərbaycandan öncə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 sammitində 90 mindən çox nümayəndə iştirak edib. 

Beynəlxalq təşkilatlar və Avropa Birliyi ölkələrindən bəziləri bu tədbirin neft-qaz ixrac edən, OPEC+ ölkəsi olan Azərbaycanda keçirilməsinə isti baxmır. 

Həmçinin Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.