"Dağlıq Qarabağ Azərbaycanın hüquqi çərçivəsindən kənarda ola bilməz"

23-10-2020 15:37 / Bu xəbər 1738 dəfə oxundu

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. 

Bu qərara baxmayaraq, Ermənistan və Azərbaycan arasında Qarabağ uğrunda gedən və 30 ildən çoxdur davam edən münaqişə Dağlıq Qarabağ münaqişəsi adlandırılır. 

Eyni zamanda bir çox xəritələrdə Azərbaycanın ərazisi tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin cızılmış xəritəsi ayrıca göstərilir. Buradan belə çıxır ki, Azərbaycanın Beynəlxalq məsələlər üzrə ekspert, siyasi şərhçi Elman Fəttahın ASTNA-ya müsahibəsi:

- Elman bəy, 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub.  Amma buna baxmayaraq, hələ də münaqişədən söz düşəndə  Dağlıq Qarabağ və ətraf 7 rayon deyilir. Hətta bir çox xəritələrdə  də Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycanın tərkibində ayrıca göstərilir. Sizcə, niyə hələ də bu ifadədən istifadə olunur?
- Suverenlik prinsipinə görə, dövlətlərin hamılıqla qəbul edilmiş ümumi əraziləri vahid xəritədir. Onlayn resurslarda sizin qeyd etdiyiniz formada rast gəldiyimiz xəritələr isə siyasi yox, informativ məna daşıyır. Yəni, Azərbaycan xəritəsi üzərində Dağlıq Qarabağın və digər yeddi rayonun fərqli göstərilməsi həmin ərazilərdə Azərbaycanın öz yurisdiksiyasını hələ yeridə bilmədiyini göstərir. "Dağlıq Qarabağ və ətraf rayonlar” ifadəsinin geniş istifadə edilməsinə gəldikdə bu, mövcud hərbi-siyasi reallığın yaratdığı ifadədir. SSRİ dağıldıqdan, Azərbaycan və Ermənistan müstəqil dövlət kimi tanındıqdan bəri Qarabağ məsələsi beynəlxalq münaqişəyə çevrilib. Azərbaycan 1992-ci ildə üzvlükdən dərhal sonra BMT Nizamnaməsinin 39-cu maddəsinə əsasən "Ermənistanın təcavüzünün açıq-aşkar  genişlənməsilə əlaqədar” baş katibə və Təhlükəsizlik Şurasının sədrinə münaqişənin dinc, siyasi yolla nizamlanması üçün müraciət edib. Baş katib Bakıya, Dağlıq Qarabağa və Yerevana nümayəndə heyəti göndərib. Ardınca ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin Helsinki toplantısında problem müzakirəyə çıxarılıb və Dağlıq Qarabağ münaqişəsiylə bağlı Minskdə konfrans keçirilməsinə qərar verilib. Bu proses -  münaqişəyə beynəlxalq qurumların müdaxiləsi Azərbaycanın xarici siyasətinin uğuru kimi görünsə də nəticə əldə olunmayıb. Əvəzində, münaqişənin beynəlxalq mahiyyəti yeni ifadələr meydana gətirib. Onlardan biri də sizin qeyd etdiyiniz ifadədir. Ancaq bu, münaqişəyə şamil edilən başqa bir ifadədən - "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən  fərqli olaraq siyasi baxımdan "xüsusi anlam” daşımır. Sonuncu uğursuz ifadə isə Azərbaycan XİN-in rəsmi saytında hələ də qalmaqdadır. Halbuki, ölkə başçısı uzun müddətdir bu formulu öz leksikonundan silib.

- 1991-ci ildə Dağlıq Qarabağın inzibati ərazi vahidi kimi ləğv olunması doğru qərar idimi? Məqsəd nə olub?

- Qərarın doğru olub-olmaması məsələsi elə həmin qərarın 1-ci bəndində göstərilib. Qərarda həm də Azərbaycan SSR Konstitusiyasının 68-ci maddəsinə istinad edilib. Hələ SSRİ-nin tərkibində olanda belə respublikanın əsas qanunu (Azərbaycan SSR öz ərazisində dövlət hakimiyyətini müstəqil həyata keçirir) ərazi vahidlərinin statusunu dəyişdirməyə və ya ləğv etməyə imkan verirdi. Bu baxımdan vilayət statusunun ləğvinə dair qərar konstitusionaldır. Qərarın verilməsindəki məqsəd isə yaranmış siyasi reallığa adekvat cavab verməkdən doğurdu. Çünki 2 sentyabr 1991-ci ildə ermənilər Dağlıq Qarabağın "müstəqilliyi” haqqında qərar qəbul etmişdilər. Azərbaycanın dövlət hakimiyyəti Dağlıq Qarabağdakı separatçı hərəkatın vilayət statusunun sui-istifadəsindən doğduğunu düşünürdü. Bu sui-istifadənin hüquqi dayanağı olan statusu özünün suveren səlahiyyətləri çərçivəsində ləğv etməklə baş verən proseslərə qarşı adekvat addım atıb.

Münaqişə ilə bağlı ümumi siyasi-hüquqi mənzərəni görmək üçün isə son 100 ilin xronologiyasına baxmaq lazımdır. 1991-ci ildə ləğv edilən,  Qarabağa Azərbaycanın tərkibində  muxtar vilayət verilməsi haqda qərar da 97 il əvvəl (1923-cü ildə) verilmişdi. Münaqişənin təhlili ilə bağlı daha qədim tarixə baş vurmaq isə maraqlı olsa da faydalı deyil. Çünki Ermənistan və Azərbaycan arasında münaqişəyə səbəb olmuş bu ərazinin kimə aid olmasını "xalqların suverenliyi”, dövlətlərin sabit ərazi üzrə beynəlxalq hüququn subyekti olma anlayışlarının mövcud olmadığı tarixi dastanlarla əsaslandırmaq yersizdir. Biz gərək siyasi-hüququ baxımdan Dağlıq Qarabağın Qafqazın hansı ölkəsinin ərazisi olması sualına cavabı məhz 1918-ci ildən sonrakı siyasi tarixdə axtaraq.

SSRİ-dən əvvəl Dağlıq Qarabağ Azərbaycan Demokratik Cümhuriyyətinin tərkibində olub. 1980-ci illərin sonunda ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi tələbiylə çıxış ediblər. Bu tələb Bakıda şok effektilə qarşılanıb və yüz minlərlə insanın etirazına səbəb olub. Erməni separatizminin şiddətlənməsi Moskvanın siyasi müdaxiləsilə nəticələnib. 1988-ci ildə SSRİ Ali Soveti Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını təsdiq edən qərar verib. 1991-ci ildə Azərbaycan respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtar vilayət statusunu ləğv edib. 1992-ci ildə Azərbaycan müstəqil dövlət kimi BMT-yə SSRİ tərkibində olduğu zaman mövcud olan sərhədləri ilə Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi olaraq qəbul edilib.

- Beynəlxalq hüquqi prizmadan yanaşsaq, bu məsələ necə tənzimlənə bilər?

- Məsələyə beynəlxalq hüquq prizmasından baxsaq, 1920-ci ildə Azərbaycan və Ermənistanın millətlər cəmiyyətinə qəbulu məsələsinə baxılarkən Müttəfiq Dövlətləri təmsil edən general Tomson qonşu Zəngəzur qəzasıyla birlikdə Dağlıq Qarabağın Azərbaycanın idarəsi altında olmasını tanıyıb. 1919-cu ildə Dağlıq Qarabağın erməni assambleyası da rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ üzrə hakimiyyətini tanıyıb. Sovet İttifaqı tərkibinə qatılarkən Qarabağın müstəqil Azərbaycanın yurisdiksiyası altında olmaması guya Stalinin təsiri ilə Qarabağın Azərbaycana verilməsi  iddiaları da həqiqətdən uzaqdır. RK(b)P MK Qafqaz Bürosu 5 iyul 1921-ci ildə Dağlıq Qarabağın Azərbaycan SSR-nin tərkibində saxlanılması barədə qərar verib. 1923-cü ildə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” fərman dərc etdirib ki, məhz Dağlıq Qarabağın ilk rəsmi inzibati statusu bu fərmandan sonra ortaya çıxıb. 

SSRİ dövrünə baxsaq, müttəfiq respublikalar arasındakı sərhədlər yalnız müvafiq respublikaların qarşılıqlı razılığı əsasında və İttifaqın təsdiqindən sonra dəyişdirilə bilərdi. Bu müddəa Azərbaycan və Ermənistan konstitusiyalarında da təsbit edilmişdi. Yəni 1988-ci ildən başlayan Qarabağın ayrılması prosesi SSRİ Konstitusiyasının açıq-aşkar pozulmasıyla müşayiət olunub. 1991-ci ildə Dağlıq Qarabağın Azərbaycandan ayrılmasına qanuni don geyindirmək məqsədilə erməni tərəfinin müstəqillik haqqında qəbul etdiyi qərar isə "Müttəfiq respublikanın SSRİ-dən çıxmasıyla əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ qanunu ilə əsaslandırılırdı. Bu qanunun məqsədi müttəfiq respublikalar SSRİ tərkibindən çıxacağı halda, SSRİ məkanında qarşılıqlı münasibətləri müəyyən prosedur vasitəsilə tənzimləmək idi. Qanun muxtariyyətlərin xalqlarına SSRİ-də və ya onun tərkibindən çıxan müttəfiq respublikada qalmaq məsələsini müstəqil həll etmək hüququ verilirdi. Lakin müttəfiq respublikalar SSRİ-dən yuxarıda qeyd olunan  prosedur üzrə deyil, xalq hərəkatlarının məntiqi nəticəsi kimi ayrıldılar. 

Azərbaycan və Ermənistan da qanunda nəzərdə tutulmuş İttifaqdan çıxmaq prosedurundan istifadə etməyiblər. Yəni, "SSRİ-dən ayrılma haqda qanun” beynəlxalq hüququn subyektinə çevrilə bilmədiyi üçün ona istinad edilməsi də əsassızdır. SSRİ-nin dağılmasından sonra "Uti Possidetis Juris” beynəlxalq-hüquqi doktrinası yenicə müstəqillik əldə etmiş postsovet ölkələrinin sərhədlərinin beynəlxalq, regional və milli legitimləşdirilməsinin əsasını təşkil edib. Bu doktrinaya görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonrakı ərazi və sərhədləri də SSRİ-nin tərkibində olduğu zaman mövcud olan ərazi və sərhədlərinin hüquqi varisliyi şəklində tənzimlənir. Bu halda da Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması qətidir.

1918-1920-ci illərdəki dövlət müstəqilliyinin bərpasını bəyan etməklə, o dövrdə mövcud olmuş ADR-in hüquqi varisinə çevrilməklə Azərbaycanın guya sovet dövründəki sərhədlərə iddia etmək əsaslarından məhrum olması barədə erməni tərəfinin irəli sürdüyü tezisə gəldikdə isə burada diqqət "Müqavilələrə münasibətdə dövlətlərin hüquqi varisliyi haqqında” Vyana Konvensiyasının 11-ci maddəsinə yönəldilməlidir. Bu maddəyə əsasən "Dövlətlərin hüquqi varisliyi müqavilə ilə müəyyən olunmuş sərhədlərə şamil edilmir”... Başqa sözlə, bilavasitə SSRİ-nin beynəlxalq müqavilələrlə müəyyən edilmiş sərhədlərinə aid olmasına baxmayaraq, qeyd olunan müddəa hüquqi varislikdən asılı olmayaraq SSRİ-dən sonrakı mövcud sərhədlərin olduğu kimi saxlanılmasına münasibətdə eynilə konseptual beynəlxalq-hüquqi yanaşmanı ehtiva edir. Yəni, Azərbaycanın müstəqilliyinin bərpası daimi xarakter daşıyan sərhədləri sarsıtmağa qadir deyildir.

Xülasə, Dağlıq Qarabağın Azərbaycandan hər hansı formasında qoparılmasının nə beynəlxalq prinsiplərdə, nə də siyasi tarixdə hər hansı hüquqi əsası mövcuddur.

- Azərbaycan Ermənistanın işğalında olan Dağlıq Qarabağ və 7 rayonu işğaldan azad etdikdən sonra bu məsələ necə həllini tapacaq? Çünki Azərbaycan rəsmiləri dəfələrlə öz bəyanatlarında Dağlıq Qarabağa muxtariyyat veriləcəyini bildirmişdilər. Amma indi vəziyyət dəyişib. Azərbaycan Dağlıq Qarabağı və ətraf 7 rayonu hərbi əməliyyatlar vasitəsilə işğaldan azad etməyə çalışır. Belə olduğu halda bu müxtariyyat məsələsi qüvvədən düşür, yoxsa əksinə?

- Əgər torpaqlar işğaldan tam azad edildikdən sonra Dağlıq Qarabağın idarəetmə statusuna indiyə qədər aparılan danışıqların prinsiplərində qeyd olunan formulda xüsusi statusun verilməsi məsələsi öz aktuallığını qoruyacaqsa, hansısa statusun verilməsi  üçün öncə ölkə Konstitusiyasına dəyişiklik edilməlidir. O zaman vilayət statusunun ləğv edilməsi qərarı da gündəliyə gələcək. Status niyə ləğv edilmişdi? Həmin qərarın əsaslandırma hissəsində qeyd olunur ki, Azərbaycanın əzəli tarixi ərazisini qoparıb almaq üçün Ermənistan rəhbərliyinin yeritdiyi siyasət və bu siyasətdə DQMV-nin bir alətə çevrilməsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün real qorxu törədir. Deməli, status məsələsinin müzakirə edilə bilməsi üçün ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə qarşı törədilən "real qorxu” aradan qalxmalıdır. Yəni, Ermənistan dövləti Azərbaycanın ərazi bütövlüyünü tanımalı, eyni zamanda,  erməni hərbi birləşmələri ərazini tərk etməli və ya ordumuz onları tam zərərsizləşdirməlidir. Söhbət ətraf rayonlardan yox, erməni hərbi birləşmələrinin yerləşdiyi bütün Azərbaycan ərazilərindən gedir. Çünki həmin qərarda qeyd olunan "ərazi bütövlüyünə qarşı törədilən real qorxu”nun mənbəyi kimi birbaşa Xankəndində yerləşən qüvvələr nəzərdə tutulur. Yəni, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yaranan qorxu tamamilə aradan qaldırılmadan hansısa statusun müəyyən edilməsi yolverilməzdir. Azərbaycan ordusunun hazırda apardığı hərbi əməliyyatlar əslində Azərbaycan xalqının qorxudan xilas edilməsi aktıdır və əməliyyatlar bütün erməni hərbi birləşmələri Azərbaycan ərazisindən təmizləndikdən sonra məqsədinə çatmış olacaq.

- Yeri gəlmişkən, 1988-1992-ci illərdə Ermənistandan Azərbaycana qaçqın düşmüş 350 min insan var. Hətta mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti də elan olunub. Həmin insanlar Ermənistan ərazisində yaşamış və oradan qovulmuş soydaşlarımızdır. Onlar da öz torpaqlarına qayıtmaq istəyir. Onların aqibəti necə tənzimlənməlidir?  Azərbaycanın işğal olunmuş torpaqları azad edildikdən sonra Dağlıq Qarabağa müxtariyyat veriləcəyi təqdirdə Ermənistandan olan azərbaycanlıların öz yerlərinə qayıtması məsələsi qaldırılmalıdırmı? Və onların təhlükəsizliyinə necə təminat almaq mümkündür?

- Həmin qərarın  vilayətin yaradıldığı dövrdə Ermənistan SSR-də yaşayan yarım milyonluq azərbaycanlı əhali üçün heç bir milli-mədəni muxtariyyətin yaradılmadığını, sonrakı illərdə isə azərbaycanlı əhalinin Ermənistandan zorla köçürüldüyünü, hazırda orada əslində bir nəfər də azərbaycanlı qalmadığını nəzərə alaraq verildiyi vurğulanır. Ermənistandan qovulan azərbaycanlıların taleyi, gələcəkdə Dağlıq Qarabağa hansısa statusun verilməsindən əvvəl cavabı tapılmalı vacib sualdır.