Azərbaycanın modern teatrı qədim hamama köçür – Teatrın rəhbəriylə müsahibə

Azərbaycanın modern teatrı qədim hamama köçür – Teatrın rəhbəriylə müsahibə

25-01-2022 13:25 / Bu xəbər 2143 dəfə oxundu

"Bundan sonra ADO Teatrı Bakının mərkəzində, 1800-cü illərə aid qədim bir hamamda fəaliyyət göstərəcək”.

Bunu Qaynarinfo-ya müsahibəsində teatrın təsisçisi və bədii rəhbəri Elmin Bədəlov deyib. 

O bildirib ki, bu, teatrın sayca 8-ci məkanıdır:
 
- ADO teatrı bu günə kimi 6 məkan dəyişib, 7-ci məkan isə Qış Parkı olub. Ötən ilin martın 10-da Milli Teatr günündə pandemiya səbəbindən maliyyə sıxıntıları yaşadığımız üçün yer sahibi ilə razılaşa bilmədik. Məhz bu üzdən həmin məkanı tərk elədik. Sonra Qış Parkında yerləşdik, hazırda isə 8-ci məkanı götürdük. İndi seçdiyimiz məkan qədim hamamdır, bu 1800-ci illərdə tikilib. Bu hamamın vizualını saxlayırıq, hər şey olduğu kimi qalır. Sadəcə olaraq, buranı təmizləmək, tamaşa göstərməyə uyğun şərait yaratmaq lazımdır. İstilik, işıq sistemi qoşulmalı, ayaqyolu və digər şəraitlər yaradılmalıdır. Bunlar tamamlanandan sonra teatr fəaliyyətə başlayacaq. Biz bu qədimliyin üzərindən modern incəsənət nümayiş etdirməliyik.

- Qədim hamamı məkan olaraq özünüz seçmisiniz, yoxsa əlacsız qalıb görürdünüz? 

- Yox, özüm şeçmişəm, bura mənə görə çox sehirli bir məkandır. Bu yerə baxanda düşündüm ki, burada çox maraqlı işlər görmək olar. Bizim üçün bura çox əlverişlidir. Yeni ideyalarım var, yaradıcılıq planları və performanslarla məkan çox uzlaşır. Əksinə bu, əlacsızlıq deyil, göydəndüşmə məkandır. Çox sevinirik ADO tarixində hələ belə bir məkan olmayıb. Biz hər zaman ofis formalı məkanlarda fəaliyyət göstərmişik. Bura isə bizə öz atmosferi ilə hədiyyə kimidir. Biz buranı icarəyə götürmüşük. ADO-nın məkan almağa imkanı yoxdur. Teatrı yeni formaya salırıq.
 
- ADO ilk vaxtlar cmiyyəti silkələdi, qısa zamanda böyük tamaşaçı totplaya bildi, böyük müzakirə və qalmaqala səbəb olan tamaşalar nümayiş etdirdi. Amma birdən-birə sanki fəaliyyətsiz qaldı, nə baş verir? 

- Teatr heç zaman büdrəməyib. Son məkandan çıxana kimi teatrın tamaşaçıları olub və tamaşaçı bilet alıb tamaşaya baxmağa gəlib. Bu teatr ətrafında həmişə söz-söhbətlər, müzakirələr olub. Hətta bu gün də həmin müzakirələr aparılır. Mən də bunu istəmişəm ki, ADO müzakirələr yaratsın. Amma bu həqiqətdir ki, biz bir ildir fəaliyyətsizik. 

- Niyə? 

- Məkansız idik, məkan yoxdursa, tamaşanı harada göstərək. Düşünürük ki, qısa zamanda tamaşaçılarımızı bu qədim hamamda yenidən cəmləyəcəyik, büdcəmiz yenidən formalaşır. 

- Elə bir tamaşanız yoxdur ki, ADO tənqid olunmasın... Hətta sosial səhifə hesabında tamaşalardan paylaşdığınız obrazlarınız da tənqid olunur...

- Belə sözlərin, fikirlərin olması normaldır. Yenə də yazırlar. Baxırsan ki, insanların bəzilərinin düşüncəsi dəyişir, amma elə tamaşaçı da var ki, onun fikiri, baxısı dəyişməyib. Teatrın vəzifəsi budur, insanların fikirlərini dünyagörüşünü yeniləmək. Biz deyilənlərə fikir vermirik. Əgər enerjimizi bu deyilənlərə yönəltsək, yaradıcılığa davam edə bilmərik. Belə söhbətlər həmişə olub, olacaq da. Bunun səbəbləri var, insanlar Azərbaycanda yenilik görür, bəziləri bu yeniliyi qəbul edə bilmirlər. Onlar yeniliyə açıq olmadığına görə dözümsüzlük nümayiş etdirirlər. Onların arasında Xalq artsiti fəxri adını alan şəxslər də var. Azərbaycanda modern teatr ənənəsi indi-indi formalaşır. Onlar da bunu qəbul etməkdə çətinlik çəkirlər və dözümsüzlük nümayiş etdirirlər. Zamanla belə insanlar dönüb özünə də baxacaq və dəyişəcəklər. Bizim də çalışdığımız budur. 

- Repertuarınızda səs-küyə səbəb olacaq yeni tamaşalarınız var? 

- Biz ona görə hesablamırıq ki, tamaşalar səs-küyə səbəb olsun. İstədiyimiz tamaşaları qoyub öz yeni fikirimizi gətiririk. Tamaşalar ona görə müzakirə və mübahisəyə səbəb olur ki, insanlar yeniliyə açıq deyillər və bu mövzuda çətinlik çəkirlər. Cəmiyyət açıq-saçıq tamaşalara hazır deyil. Biz isə belə tamaşaları hazırlayırıq. Bu sənətdir, biz bununla məşğul olacağıq. Tamaşaları  və tamaşaçıları illər öncə ilə müqayisə edəndə xeyli dəyişikliklər görürsən. İnsanlar əvəllki kimi deyil, düşüncələri formalaşmağa başlayıb. Əvvəl qadın tamaşaçıların sayı az idisə, indi bu rəqəm artmağa başlayır. ADO buna nail olub.