“Medianı susdurmaq cəhdi əslində görünən nəticədir”

“Medianı susdurmaq cəhdi əslində görünən nəticədir”

18-03-2024 13:51 / Bu xəbər 3848 dəfə oxundu

  
 Kamran Mahmudov

Martın 6-da polis "Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində axtarış aparılıb. 

Həmin əməkdaşların evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib. 

Saxlanılan jurnalistlərdən Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə hüquqşünas, "Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən "İstanbul” Klinikasının önündə saxlanılıb. Daha sonra onun evində axtarış aparılıb. 

Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib. 

Ələsgər Məmmədliyə qarşı da Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bundan öncə isə,  ötən il noyabrın 20-də korrupsiya araşdırmalarıyla tanınan "Abzas Media” işi üzrə həbslər baş vermişdi.  Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib. 

Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra "AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub. 

"AbzasMedia”dan sonra "Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və bu qurumun əməkdaşı Şamo Eminov da qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Ard-arda, oxşar ssenarilər üzrə və media qurumlarının əməkdaşlarına qarşı baş verən bu həbsləri bir çox media ekspertləri medaiaya qarşı basqı kimi qələmə verirlər.

Media Hüququ Qrupunun rəhbəri Xalid Ağəliyev ASTNA-ya jurnalistlərin həbsi, onlara qarşı irəli sürülən ittiham,  media qurumlarına qarşı aparılan son əməliyyatlar barədə danışıb.

* * *

Sual: Xalid bəy, sizcə, bu həbslərin arxasında hansı səbəblər dayanır?

Cavab: Azərbaycanda artıq 3-cü ildir ki, media sahəsində yeni tənzimləmə mərhələsinə qədəm qoyulub. Yeni qanunun qəbulu ilə bu tənzimləməyə keçilib. Qanunun məzmunu, keyfiyyəti mübahisəlidir. Avropa Şurası üzvü olaraq, belə qanunların qəbulu həmin qurumun standartlarına cavab verməlidir, ancaq həmin qurum qanunun bu standartlara cavab vermədiyini açıqlayıb. Belə keçidlər, yeni tənzimləmələrin tətbiqi hər zaman ağrılı, çətin olur. Eyni zamanda Azərbaycanda media, ifadə azadlığına gerçəkləşdirmək üçün əlverişli mühit adətən bizdən uzaq olub. Bu hüquqlardan geniş istifadə riskli olub. Məncə dediklərimin toplusu əsas səbəbdir.

Sual: Hakimiyyət Qərblə münasibətlərin soyuduğu dövrdə bu addımları niyə atır? Münasibərləri daha da gərginləşdirməyin məqsədi nədir?

Cavab: Qeyd etdiyim kimi yeni tənzimləmə tətbiq edilir. Həm də qlobal mənada olduqca qarışıq, dolaşıq dövr yaşayırıq. Belə dövrlərdə ən operativ təzyiq altına düşən, hədəfə çevrilən hüquqlar adətən, ifadə, media azadlığı hüquqları olur. Hökumətlər idarəetməni rahat həyata keçirmək üçün dolaşıq, hər günü fərqli reallıqları ortaya çıxaran belə dövrlərdə ictimai rəyi daha çox cilovlamağa həvəsli olurlar. İstər kiminləsə münasibət yaxşı olsun, isrtərsə də gərgin olsun, Azərbaycanda ən müxtəlif mərhələlərdə jurnalist həbsləri baş verib. Buna görə, səbəblər daha çox ümumi qlobal mühitdir.   

Sual: Bu addım ekspertlərin dediyi kimi ancaq media və ya vətəndaş cəmiyyətini susdurmaq prosesidir, yoxsa arxasında başqa mətləblər də gizlənib?

Cavab: Təəssüflər olsun ki, son həbslər ən azı 2 müstəqil medianın sıradan çıxarmasına gətirib çıxarıb. Normalda bu, azad medianın cəmiyyətin bilgiləndirilməsində, demokratik inkişaf yolunda azad medianın önəmli rol oynaması baxımından olduqca ağır bir nəticədir. Ancaq bu, yalnız görünən nəticələrdir. Bir və ya bir neçə medianın, jurnalistin sıradan çıxarılması, öz funksiyalarını icra edə bilməmək durumuna düşməsi bütövlükdə cəmiyyəti təsirləndirir, onu özünü senzuraya məcbur edir.

Sual: Yəni bu sualı nahaqdan vermədim. Çünki son vaxtlar həbs olunan jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı qaçaqmalçılıq maddəsi irəli sürülür. Jurnalistika hara, qaçaqmalçılıq maddəsi hara?

Cavab: Qaçaqmalçılıq cinayətdir, ictimai təhlükəli əməldir, cinayət qanunvericiliyi buna görə məsuliyyət nəzərdə tutur. İstər jurnalist ol, istər olma, 16 yaşına çatmış istənilən anlaqlı şəxs həmin cinayət əməlinin subyekti ola bilər. Təcrübəyə baxdıqda jurnalistlər müxtəlif vaxtlarda xuliqanlıq, xəsarət yetirmə, böhtan, hətta dövlətə xəyanət kimi ittihamlarla məhkum ediliblər. Həmin işlərin əksəriyyətinin yekununda Avropa Məhkəməsi onlara qarşı ittihamların əsassız olduğuna qərar verib. Hazırkı durumda qarşımıza çıxan işlər həmin işlərin oxşarıdır. Jurnalistlərin həbsi ilə bağlı mediada yayılmış məlumatlara ümumi baxdıqda, ola bilsin ki, qrant alınması qaydalarının pozulmasından söhbət gedə bilər. Bu qaydaların pozulması isə inzibati məsuliyyət yaradır.

Sual: Proseslər necə davam edəcək? Həbslər davam edəcəkmi? Və bu prosesi nə durdura bilər?

Cavab: Media, jurnalistika azadlığı baxımından hazırkı gərgin, dolaşıq durumda proseslərin necə davam edəcəyini proqnozlaşdırmaq çətindir. Bəlli olan odur ki, baş verənlər hüquqi dövlət üçün arzu olunmayan tendensiyalardır. Əksi baş verməli, demokratik inkişaf üçün lazımlı olan media, ifadə, jurnalistika azadlığına əlverişli mühit yaradılmalıdır.  
 
Mənbə: "Turan" İnformasiya Agentliyi