Dünyaya yol açan sevgi...
29-05-2024 02:45 / Bu xəbər 853 dəfə oxundu
Günel İbrahimova
(Yazı bir körpənin dilindəndir)
Mən bir toxum idim, sabahım sirdi,
Mənə şəkil verən, rəng verənimsən.
Məni bu dünyaya anam gətirdi,
Məni bitirənim, yetirənimsən.
Bu poetik və ürəkoxşayan misralardan da görünür ki, insanın bədii portreti, məcazi təsviri bir çox hallarda reallıqla üst-üstə düşür. Mən bu şeiri də təsadüfən seçmədim.
Bəzən deyirlər ki, həyat da bir müəllimdir. Amma gerçəkdə müəllim, öyrədən ifadə olaraq insan amili üzərində öz varlığını və mövcudluğunu təsdiqləmiş olur.
Bu yazımda sizə bir xanımdan söz açacağam, həm də insan yetişdirən, onun həyat yolunu seçməkdə mayak rolunda çıxış edən bir qadından. İndi çoxunuzun ağlında, bəlkə də, belə bir sual yaranıb ki, kimdir bu xanım? Nə çoxdur dünyada və elə ictimai həyatda belə qadınlar. Amma yox, əminəm ki, oxuyunca siz də mənə haqq verəcəksiniz.
Hüseyn Cavid boşuna demirdi ki, "Sürüklənən bəşəriyyət qadınla yüksələcək!"
Bəli, mən belə bir qadından söhbət açacağam. Çünki məni dünyaya anam gətirmiş olsa da, təhsil yollarımda ilk addımımı atarkən büdrəməməkçün əlimdən tutub titrək addımlarımı yerə möhkəm basmağıma kömək edən, mənə sayları, hərfləri, rəngləri tanıdan, dostlarımla davranışı, paylaşmağı, birgə oynamağı anamdan sonra daha çox deyən, məni bugünkü mən edən, Vətənə, torpağa, yurda, insanlara, oxumağa, məktəbə, dərslərə kiçik ürəyimdə ailəmin səpmiş olduğu qığılcımları daha da alovlandıran o xanımdır...
Həmin xanım ki təkcə mənim yox, bütün yoldaşlarımın ana kim qayğısına qalıb, nazımızı çəkib, bizlərə ömrünü, sevgisini, biliyini, gözlərinin nurunu, sağlamlığını verib. Elmlərin sirrindən bizi agah edib. Bayrağımızı, gerbimizi, himnimizi bizə öyrədib, Qarabağımızı bizlərə tanıdıb.
Vətən kəliməsinin düzülmüş olduğu misraları həkk edib beynlərimizə, əlimizdən tutub qələmlə ən doğma sözlərimizi, cümlələrimizi ağ kağızın sinəsində qara muncuq kimi səpməyi vərdiş etdirib titrək əllərimizə. Toplamağı, çıxmağı, oxumağı, yazmağı, nağıllar danışmağı onunla vird edib dilimiz.
O bizi nağıllara, dünyanın gözəl oldğuna inandırıb, doğrunu, yanlışı göstərib. Hətta təbiəti, fəsilləri sevməyi ondan öyrənmişik. Dərs məsuliyyətini, kiçik çiyinlərimizə məsuliyyət yükünü yükləməyi onunla kəşf etmişik.
Nağıl dünyamızdan, oyun aləmimizdən gerçək həyata onunla addımlamışıq. Onunla tanımışıq dəyərlərimizi və dəyər verməyin mənasını... Əslində, saymaqla bitməz, tükənməz... Həyatımızda payı o qədər çoxdur ki, bunu heç sözlərlə də ifadə etmək olmur gerçəkdən...
Dünyaya doğulanda ilk şansımız gözəl ailədə dünyaya gəlmək, ikinci əsas şansımız isə ilk addımlarımızı doğru müəllimlə atmaqdır. Mən bir uşaq kimi, gələcəyin bir parçası kimi özümü hər iki mənada şanslı sayıram.
Yaxşı ki, yolum ilk müəllimimdən - anam kimi sevdiyim bir mələkdən - Elnarə Baxışovadan keçib. Yaxşı ki, sirli-sehrli uşaqlıq dünyasından sonsuz elm aləminə ilk qapı açanım o oldu. Yaxşı ki, mən onunla hər şeydən agah oldum.
Böyüklərimiz deyir ki, ilk müəllimlərimiz bir ömür undulmaz. İndi daha gözəl anlayıram bu fikrin alt mənasını. Çünki artıq özüm də o kəslərin sırasındayam. İlk müəllimim mənim üçün də unudulmaz olacaq. Bu mövqeyi, bu yüksək dəyər və məqamı o, özü qazanıb, ona olan təmiz sevgimi də. Sanki ömrümə sehrli bir çıraqla işıq tutub. Sevgisi, qayğısı, nəvazişi, çəkmiş olduğu əziyyətləri, vermiş olduğu öyüd-nəsihətləri bir günəş kimi doğub ömrümə. Elə bir günəş ki ziyası gecələrin zülmətini belə yox edər, əbədi yanar. Nə qədər desəm, danışsam, bitməz, ona olan sevgimi anlatmağa bəs etməz. Sadəcə ürəyimdən gələnləri dilə gətirmək istədim ki, müəlliməmdən bizə belə gözəl anlardan bir çələng qalacaqkən, məndən də ona kiçik bir süpriz boxçası hədiyyə olsun.
Amma onu da bilirəm ki, müəllim adı o qədər ali və müqəddəsdir ki, onun haqqı heç nə ilə ödənməz. Çünki o kimsə üçün ana, kimsəyə bacı, birinə övlad, birinə dost, birinə sirdaş, birinə tanış, birinə... Mənə isə bunların ən alisi, hamısıdır!
Yenə də Hüseyn Cavidə üz tuturam:
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var...
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar...