Dövlət ittihamçısı Tofiq Yaqubluya iş istədi
01-09-2020 18:20 / Bu xəbər 2134 dəfə oxundu
Siyasi fəalın 4 il 6 ay azadlıqdan məhrum edilməsi tələb olunur
Sentyabrın 1-də dövlət ittihamçısı Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istəyib.
Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə siyasi fəalın məhkəməsi davam etdirilir.
Tofiq Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, Tofiq Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib.
O, həbsindən əvvəl "Facebook” hesabında yazmışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı"nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı.
O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı.
Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.












