Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadı

Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadı

14-10-2022 13:19 / Bu xəbər 1305 dəfə oxundu

Vəkil Elçin Sadıqov Rasim Məmmədovun məhkəməsinə buraxılmadığını deyir.

Bu barədə vəkil oktyabrın 14-də "Feysbuk” hesabında yazıb.

"Bakı Ağır Cinayətlər Məhkəməsinə sifariş veriblər ki, məni Rasim Məmmdəovun məhkəmə iclasına buraxmasınlar. Qorxurlar ki, vəsatəti yenə qaldıraram. Bəylər müəllim, xahiş edirəm ki, məhkəmələrə deyin, məni buraxsınlar. Vəkillik inkişaf edir”, - deyə o bildirib. 

"Toplum TV” sözügedən məsələyə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun münasibətini öyrənib.

Kollegiya sədri bildirib ki, bu barədə məlumatsızdır: "Elçin Sadıqovun özünə sual ünvanlayın. Məsələ ilə tanış deyiləm, mənə bu barədə müraciət etməyib. Nə vaxt müraciət edər, onda fikirimi bildirəcəyəm”. 

Sentyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsi vəkil Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkilin həbsdə qalması üçün əsas olmadığını bildirib və onu ev dustaqlığına buraxıb. Lakin cinayət işinə xitam verilməsi ilə bağlı hissə təmin olunmayıb.

Elçin Sadıqov "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun vəkilliyini edirdi.

Rasim Məmmədov  sentyabrın 5-i baş tutan məhkəməsində Ramiz Mehdiyev və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun adını çəkmiş onlarla ilkin razılaşdırmalar apardığını demişdi. 

Sonrakı ifadələrində R.Məmmədov daha fərqli açıqlama vermişdi: "Mən Ramiz Mehdiyev və Bəylər Əyyubovu həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm".

Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. 

O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.