Əli Kərimli: “Baş verənlər Rusiya silahlı qüvvələri ilə koordinasiya olunmuş şəkildə həyata keçirilir”

Əli Kərimli: “Baş verənlər Rusiya silahlı qüvvələri ilə koordinasiya olunmuş şəkildə həyata keçirilir”

28-12-2020 23:40 / Bu xəbər 783 dəfə oxundu

"Biz Rusiya "sülhməramlılar”ı Azərbaycana gələndə bilirdik ki, onlar gerçək sülh yaratmayacaqlar, onların məqsədləri başqadır. Mənim heç bir şübhəm yoxdur ki, Xocavənd rayonunda olmuş son insident də, ondan əvvəl Cəbrayılda, Hadrutda olmuş insidentlər də, guya haradansa erməni diversantlarının, partizanlarının peyda olması da Rusiya silahlı qüvvələri ilə koordinasiya olunmuş şəkildə həyata keçirilir”.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli dekabrın 27-də Xocavənd rayonu ərazisində - Ağdam kəndində atəşkəsin pozulmasını, nəticədə bir nəfərin həlak olmasını şərh edərkən belə deyir. 

Son insidentdən sonra Azərbaycan cəmiyyətində belə bir sual yaranıb: "Qarabağda nə baş verir?” Eyni zamanda sosial şəbəkələrdə bir sıra təkliflər irəli sürülür, məsələn, sülhməramlılar missiyasını yerinə yetirə bilmədiyi üçün bəyanatın yerinə yetirilməsinə yenidən baxılmalıdır. Hətta Laçın dəhlizinə nəzarətin artıq Azərbaycan ordusuna keçməli olduğunu istəyənlər var.

AXCP sədri Ə.Kərimlinin sözlərinə görə, 44 günlük müharibə zamanı Ermənistan Ordusu, o cümlədən Qarabağdakı separatçı rejimin silahlı dəstələri tamamilə darmadağın edilib, buna görə də onların özbaşına Azərbaycan Ordusunun qarşısına çıxmağa cəsarətləri yoxdur.

Onun fikrincə, erməniləri bu təxribatları törətməyə təhrik edən Rusiyadır: "Təhrik etməkdə də iki məqsədləri var. Birincisi, qondarma rejimin cinayətkar başçıları elan edəcəklər ki, Hadrutdan vaz keçmək fikirləri yoxdur, ona görə də onu qaytarmaq istəyirlər və bu məqsədlə əməliyyatlar keçirirlər. İkincisi isə Rusiya bu təxribatlardan istifadə edib regionda "sülhməramlıları”nın sayını artırmaq istəyir”. 

Partiya sədri bir məqama da toxunur, deyir ki, Azərbaycan hakimiyyəti, Müdafiə Nazirliyi belə xəbəri gizlətməməli və operativ şəkildə ictimaiyyəti məlumatlandırmalıdır: "Dünən günortadan sonra bu hadisə baş verib, biz şəhid vermişik, sosial şəbəkələrdə bu məlumatlar yayılıb, amma bu gün səhər Müdafiə Nazirliyi bu məlumatı verib. Nəyə görə vaxtında, dərhal məlumat ictimaiyyətə verilmir?..”

Ə.Kərimli hesab edir ki, Azərbaycan rəhbərliyi prinsipial mövqe sərgiləməli və Rusiya sülhməramlılarına etirazını çatdırmalıdır: "İzah olunmalıdır ki, onların işi Ermənistandan zorla insanları Qarabağa köçürmək, onlara ev tikmək, onların sosial problemlərini həll etmək deyil, məhz atəşkəsə nəzarət etməkdir. Onlardan öz vəzifələrinin yerinə yetirilməsi tələb olunmalıdır, bacarmırlarsa,  mövqeləri tərk etmələri tələb olunmalıdır”.

O, təxribatlar davam edəcəyi təqdirdə irimiqyaslı anti-terror hərəkatı keçirmək hüququndan yararlanacağı yönündə rəsmi Bakının Yerevana xəbərdarlıq etməli olduğunu bildirir. Amma AXCP sədri bunun üçün siyasi iradə lazım olduğunu bildirir və sual edir: "Azərbaycan hakimiyyəti bu iradəni göstərəcəkmi?”
 
Elməddin Şamilzadə
Toplum.Tv