Milli Şura: "Siyasi hakimiyyət millətin faciəsindən milyonlar qazanır"

Milli Şura:

21-12-2020 14:57 / Bu xəbər 905 dəfə oxundu

"COVİD-19 testlərini yüksək qiymətə icra edən özəl klinikalar ölkənin siyasi rəhbərliyinə və onun yaxın çevrəsinə məxsusdur"

Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) hökumətin koronavirsla mübarizə siyasətini tənqid edib.

Bu barədə MŞ-nın dekabrın 20-də yaydığı bəyanatda əks olunub.

"Təəssüf ki, Azərbaycan dövləti böyük maliyyə imkanlarının mövcudluğuna baxmayaraq, bu ağır sınaq günlərində böyük maddi, mənəvi sıxıntılar yaşayan Azərbaycan xalqının yanında ola, ağır xəstəlik və onun doğurduğu fəsadlarla mübarizədə vətəndaşlarımıza gərəkən dəstəyi verə bilmədi", - bəyanatda bildirilib.

Milli Şura bəyan edib ki, Azərbaycan vətəndaşları saatlarla, bəzən günlərlə Təcili Tibbi Yardım Xidməti ilə əlaqə saxlaya, çağırış sifariş edə bilmirlər: "Nəticədə, heç bir tibbi yardım ala bilməyən COVİD-19 xəstələrinin durumu ağırlaşır və sonradan edilən tibbi müdaxilənin isə bir çox hallarda faydası olmur. Bütün dünyada pulsuz edilən virus testləri ölkəmizdə hətta COVİD-19 xəstələrinin ailə üzvləri üçün pulludur və testlərin qiyməti ağır maddi məhrumiyyətlər yaşayan əhalinin imkanları ilə ziddiyyət təşkil edir. Bu səbəbdən hətta ağır COVİD-19 xəstələrinin ailə üzvləri, onlarla gündəlik təmasda olan insanlar belə testləri icra etməyə vəsait tapa bilmirlər, bu isə xəstəliyin daha sürətlə yayılmasına gətirib çıxarır. Bir çox hallarda dövlət tibb müəssisələrinə müraciət edən xəstə yaxınlarını COVİD-19 testlərini yüksək qiymətə icra edən özəl klinikalara yönləndirirlər. Bu klinikalar istisnasız olar ölkənin siyasi rəhbərliyinə və onun yaxın çevrəsinə məxsusdur. Nəticədə, siyasi hakimiyyət nəinki COVİD-19-la mübarizədə vəzifə borcunun icrasından yayınır, hətta millətin faciəsindən milyonlar qazanır”.

Bəyanatda qeyd olunub ki, həyata keçirilən COVİD-19 testlərinin keyfiyyəti aşağı səviyyədədir: "Xəstə insanlara sağlam və əksinə diaqnozların qoyulması ilə bağlı çoxsaylı nümunələr var. Müxtəlif ölkələrdə bir neçə saatdan bir neçə günədək xəstəliyin tam diaqnostikası həyata keçirildiyi halda, Azərbaycanda testlərin cavabını bəzən həftələrlə gözləmək lazım gəlir. Proses o qədər uzun sürür ki, bir çox xəstələr müalicə üçün qiymətli vaxtı itirir və testin cavabı acıqlananda artıq həyatda olmur. COVİD-19-la mübarizə məqsədilə yaradılan xəstəxanaların və xəstə çarpayılarının sayında ciddi çatışmamazlıq var. Bəzən çağırışa gələn Təcili Tibbi Yardım Xidməti xəstələri tibb müəssisələrinə yerləşdirə bilmir və evinə qaytarır. Bir çox xəstə yaxınları öz doğmalarını xəstəxanalara yerləşdirmək üçün rüşvət verdiklərini bildirirlər. Xəstəxanalara yerləşdirmə bir çox hallarda "yuxarıların tapşırığı” əsasında həyata keçirilir, sadə vətəndaşlar sosial diskriminasiyaya məruz qalırlar”.

Milli Şura hökumət qarşısında aşağıdakı tələbləri qoyub: "COVİD-19-la mübarizə məqsədilə təcili qaydada ən azı bir neçə modul tipli xəstəxana yaradılmalı, mövcud tibb müəssisələrində xəstə çarpayılarının sayı artırılmalı və xəstəliyi ağır şəkildə keçirən hər bir vətəndaş dərhal ixtisaslaşdırılmış xəstəxanalara yerləşdirilməlidir. Bu sahədə baş verən idarəetmə nöqsanları aradan qaldırılmalı, korrupsiya hallarının qarşısı qətiyyətlə alınmalı, ölkə vətəndaşları sosial durumuna, maddi vəziyyətinə görə ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalmamalıdır. Covid-19 diaqnozu təsdiqlənmiş xəstəni xəstəxanaya yerləşdirmək mümkün deyilsə, o, dövlət tərəfindən bütün zəruri dərmanlarla və tibbi yardımla təmin edilməli və ya hər bir xəstəyə dövlət tərəfindən müalicə məqsədilə ən azı 1500 manat maddi yardım edilməlidir. Azərbaycan kimi zəngin bir ölkənin vətəndaşlarının maddi imkansızlıqdan dərman ala bilməməsi, müalicə oluna bilməməsi səbəbilə həyatla vidalaşması dövlət hakimiyyətinin üzərində qalan böyük suç və məsuliyyətdir. Bir çox ölkələrdə vaksinasiya işinin başladığını nəzərə alaraq Azərbaycan hökuməti təcili qaydada ölkə əhalisinin peyvəndləşdirilməsi proqramına start verməli, bu məqsədlə yalnız dünyanın qabağcıl ölkələrinin güvənli və sağlamlıq üçün təhlükəsiz vaksinlərindən istifadə edilməlidir. Əhalinin maddi durumunun acınacaqlı həddədək pisləşdiyini, artan istehlak qiymətlərini, keyfiyyətli və sağlam qidalanmaya pandemiya şəraitində həmişəkindən daha çox ehtiyac olduğunu nəzərə almaqla karantin davam etdiyi müddətdə işləməyən hər bir Azərbaycan vətəndaşına hər ay 300 manat məbləğındə maddi yardım edilməlidir”.

Milli Şura tələb edir ki, FHN-nin Zığda yerləşən Modul Tipli Xəstəxanasında baş verən hadisə ciddi şəkildə araşdırılmalı, səbəbkarlar məsuliyyətə cəlb edilməli və cəzalandırılmalı və bu barədə ölkə ictimaiyyətinə dolğun və etibarlı məlumat verilməlidir. Digər bölgə dövlətlərindən, hətta daha kasıb qonşularımızdan fərqli olaraq ölkəmizdə icbari tibbi sığorta sisteminin hələ də tətbiq edilməməsi utancvetici haldır. Azərbaycan hakimiyyəti ən qısa müddətdə bu acınacaqlı durumu aradan qaldırmalı, ölkə vətəndaşlarını keyfiyyətli və əl çatan tibbi xidmətlə təmin etməlidir”.

Azərbaycanda indiyə qədər 202088 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 139779 nəfər müalicə olunaraq sağalıb, 2210 pasiyent ölüb. Hazırda aktiv xəstə sayı 60099 nəfərdir.

Azərbaycan dekabrın 14-dən gələn ilin 18 yanvarına qədər SMS rejiminə keçib.

Ötən həftə isə Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə dəyişiklik edərək qaydaları pozanlara qarşı cərimələri artırıb. Dəyişikliyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5 min manatdan 11 min manatadək məbləğdə cərimə ediləcək.