QMİ İranın təhdidlərinə cavab verib

QMİ İranın təhdidlərinə cavab verib

29-10-2022 19:52 / Bu xəbər 712 dəfə oxundu

Qafqaz Müsəlmanları İdarəsi İrandan Azərbaycanın ünvanına səslənən son təhdidlər, İran İslam Respublikasının Azərbaycan sərhədlərinin yaxınlığında hərbi təlimlər keçirməsi, habelə Tehranın Ermənistana dəstək nümayiş etdirməsilə bağlı bəyanat yayıb.

"Təəssüf  ki, Qarabağ problemi həllini tapana kimi İran dövlətinin münaqişə və müharibənin səbəbkarı olan Ermənistana münasibəti birmənalı şəkildə himayədarlıq səciyyəsi daşıyıb", - "Turan"ın yaydığı bəyanatda deyilir.

Həmrəylik mövqeyindən çıxış edərək, işğalçı Ermənistanla siyasi, diplomatik əlaqələr qurmayan, orada səfirlik açmayan, Azərbaycan ərazilərinin işğalına görə Yerevanı qınayan bəzi müsəlman ölkələrindən fərqli olaraq, İran İslam Əməkdaşlıq Təşkilatının qətnamələrinə məhəl qoymayaraq Ermənistanla bütün sahələrdə əməkdaşlığı dərinləşdirib.

"Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi, məscidləri donuzxanaya çevrildiyi, azərbaycanlı qadınların, qocaların və uşaqların qətlə yetirildiyi, Xocalıda soyqırım törədildiyi, bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarından didərgin salındığı, Azərbaycan ərazilərinin yandırıldığı, viran edildiyi illərdə İran buna etirazını bildirməyib", - bəyanatda deyilir.

Qurum İranın Ermənistana silah və hərbi yardım vədlərini və onu yeni müharibəyə təşviq etməsini, Tehranın Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə bağlı təhdidlərini Azərbaycana qarşı qeyri-dost addım kimi qiymətləndirir.

"Tarixi Azərbaycan torpağı olan Zəngəzurdan keçəcək dəhlizlə əlaqədar təhdidlər səsləndirən İran bu çətin vaxtda Qafanda konsulluq açırsa, qədim Azərbaycan şəhəri Təbrizdə Ermənistanın baş konsulluğunu açmağa hazır olduğunu bəyan edirsə, bu, dostcasına hərəkət kimi qiymətləndirilə bilməz. Bu, islam ideologiyasına uyğun deyil və müsəlmanın öz müsəlman qardaşına arxadan zərbədir", - bəyanatda qeyd olunur.

Şiə ruhanilərin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi bundan öncə heç vaxt İran İslam Respublikasını açıq tənqid edən və pisləyən çıxış etməyib.