Əli Kərimli PA rəsmisi ilə görüşdən niyə imtina etdi?

Əli Kərimli PA rəsmisi ilə görüşdən niyə imtina etdi?

10-03-2020 16:40 / Bu xəbər 1154 dəfə oxundu

Seymur Həzi: "Tanışlıq adı ilə imitasiyada iştirak etmək niyyətimiz yoxdur”

Ötən həftənin sonunda Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev AXCP sədri Əli Kərimlini görüşə dəvət edib. 

Məlumatı Meydan TV-yə AXCP sədrinin müavini Seymur Həzi verib. 

Seymur Həzi deyir ki, administrasiyadan Əli Kərimlinin köməkçisi ilə əlaqə saxlayıblar və sədri tanışlıq məqsədilə görüşə dəvət ediblər: "Biz yalnız əvvəlcədən dialoqun predmeti müəyyənləşəndən sonra sədrlə görüşüb danışmağın mümkünlüyünü bildirmişik. Bunun əsasında 4 bənddən ibarət təkliflərimizi təqdim etmişik. Siyasi məhbusların azadlığı, sərbəst toplaşmaq azadlığı, seçki islahatları və bunun tərkibində müzakirələrin aparılması. Hakimiyyətdən hələ cavab yoxdur”.

Seymur Həzi bildirib ki, əgər hakimiyyət ölkənin ciddi problemlərini həll etmək istəyirsə, bu təkliflər əsasında daha yüksək səviyyəli dialoqa hazırdırlar:

Seymur Həzi
Mənbə: Meydan TV

"Ancaq bizim tanışlıq adı ilə imitasiyada iştirak etmək niyyətimiz yoxdur. Çünki hökumət bizi, biz də hökuməti yaxşı tanıyırıq. Əgər bu şərtlər müzakirəyə çıxarılsa, mən sədrin müavini kimi Ədalət Vəliyevlə görüşməyə hazıram. Əgər başqa təklifləri varsa, nəzərdən keçirərik. Daha sonra hökumətin daha yüksək səviyyədə olan şəxsi ilə Əli Kərimli görüşə bilər”.

Fevralın 27-də Xalq Partiyasının sədri Pənah Hüseyn Prezident Administrasiyasında Ədalət Vəliyevlə görüşmüşdü. Ondan bir gün sonra ReAL Partiyasının sədri İlqar Məmmədov, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı və digər partiya rəhbərlərinin analoji görüşü olmuşdu.

Yalnız Müsavat Partiyasının başqanı Arif Hacılı Ədalət Vəliyevi partiya qərargahına dəvət etmişdi. Bunun nəticəsində görüş baş tutmamışdı.