Araz Əliyev ictimai-siyasi fəaliyyətinə görə valideynlərinin hədələndiyini deyir

Araz Əliyev ictimai-siyasi fəaliyyətinə görə valideynlərinin hədələndiyini deyir

22-04-2024 17:50 / Bu xəbər 384 dəfə oxundu

"Atamı gəlib evdən aparıb, narkotiklə şərləməklə hədələyiblər”

Bakı Dövlət Universitetinin müəllimi, III Respublika Platformasının Qurucu Heyətinin üzvü Araz Əliyev özünün ictimai-siyasi fəaliyyətinə görə ahıl yaşda olan valideynlərinə qarşı hücumlar başladığını deyir. 

Onun sözlərinə görə, Balakən rayonunda yaşayan atasını gəlib evdən aparıb, narkotiklə şərləməklə hədələyiblər.

Araz Əliyev bildirir ki, ailəsinə qarşı təzyiqlər xeyli vaxtdır başlayıb, amma uzun müddət baş verənləri ictimailəşdirməyib. Lakin davamlı təzyiqlər nəticəsində vəziyyət idarəolunmaz hal aldığına görə buna məcbur olub. 

O vurğulayıb ki, atasını şərləyib həbs etməklə hədələməkdən əlavə, indi də sərəncamlarında olan torpaq sahələrini əllərindən almağa çalışırlar.

"Atamı gəlib evdən aparırlar və narkotiklə şərləyəcəklərini deyərək təhdid edirlər. Bələdiyyə və icra nümayəndələri gəlib torpaq sahələrimizin yenidən ölçülməsini təşkil edirlər. Əlaqəsiz adamları qeydiyyata salıb, adlarına torpaq sahəsi çıxarırlar. Etiraz edəndə, hüquqdan, qanundan danışanda da yaşlı-başlı insanları həbslə, narkotiklə təhdid edirlər. Ayrı-ayrı şəxslər vasitəsilə aparılan təhqir və böhtan kampaniyasını isə hələ demirəm. Dövlət Reyestr Xidmətində çalışan siravi məmuru belə təhdid edirlər ki, "biz deyəni etməlisən, yoxsa özündən küs”. 30 ildir qanuni mülkiyyətimizdə olan əraziləri təkrar ölçmək, yaşlı insanları hədəfə almaq, qorxutmaq nəyə və kimə lazımdır? Səbəb çox sadədir. Mənim ictimai-siyasi fəaliyyətim…”, – Araz Əliyev bildirib.

O, ailəsinə məxsus torpaq sahəsilə bağlı baş verənlərə görə Balakən rayon Hənifə Kənd Bələdiyyəsinin üzvü Rövşən Əliyevi, rayonun Kənd Təsərrüfatı İdarəsinin rəisi Telman Bayramovu ittiham edir. Lakin düşünür ki, onlar sadəcə, icraçıdır: "Sifarişçilər isə yəqin ki, hamınıza məlumdur. Yaxşı olar ki, mənim ictimai-siyasi fəaliyyətimdən narahat olan şəxslər, Balakənə gedib bir baxsınlar, görək ki, kim torpaqların qanunsuz satışı ilə məşğul olur, kim süpürgəçilik sistemi qurub korrupsiya ilə məşğul olur…”.

Meydan TV Araz Əliyevin dediklərinə münasibət öyrənmək üçün Balakən rayon Hənifə Kənd Bələdiyyəsilə əlaqə saxlamağa cəhd göstərib. Lakin bələdiyyənin telefonuna edilən zənglərə cavab verən olmayıb. Daxili İşlər Nazirliyindən də məsələyə münasibət bildirilməyib.

Araz Əliyev ötən il dekabrda – III Respublika Platforması elan ediləndən az sonra həbs olunmuşdu. Ona xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama ittihamıyla 25 sutka inzibati həbs cəzası verilmişdi.

O, bu ittihamların yalan olduğunu, küçədə gedərkən zorakılıqla saxlanıb polis idarəsinə aparıldığını, orada təşkilatın maliyyəsi, fəaliyyəti barədə suallar verildiyini bildirmişdi.