Elvin Əliyev: məmurların mirzəsi, yoxsa qanunları ayaqlar altına atan hakim?
12-04-2023 15:57 / Bu xəbər 4016 dəfə oxundu
Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev çıxardığı qərarlar və verdiyi hökmlərdən dolayı tənqid olunan hakimlərdəndir.
Ona qarşı tənqidlər də haqlıdır, çünki proseslərdən aydın görünüb ki, Əliyev ədalət hissindən məhrum biridir: həm hüquqi, həm də mənəvi.
Sanki tale bu insanları yaradılışdan mənəvi yoxsulluğa məhkum edib, ədalət hissindən uzaq salıb.
Elvin Əliyev bir neçə dəfə "Arqument.az"la məhkəmə proseslərində hakimlik edib.
Əslində, buna hakimlik demək də doğru deyil, sadəcə, qarşı tərəfin vəkili olub.
Onun davranmış və qərarlarından belə başa düşülür ki, Əliyev hakim yox, məmurların əlaltısı kimi daha çıxış edir. Ona görə ki indiyə qədər bu hakimə dövlət qurumları ilə bağlı edilən müraciətlərə və şikayətlərə baxmasının özünün "qaydası” var.
Həmin "qayda” da ondan ibarətdir ki, Elvin Əliyev bu şikayətləri və edilən müraciətlərlə bağlı qətnamələri yalnız məmurların xeyrinə çıxarır. Yəni qərar qanunauyğun olmur, hüquq anlayış olaraq bu hakimə yaddır.
Məsələn, ötən illərdə "Arqument.az"ın Mərkəzi Seçki Komissiyasına (MSK) göndrdiyi sorğu ilə bağlı məhkəmə prosesi Elvin Əliyevin sayəsində 2 ildən artıq süründürüldü.
MSK onu hakim yerinə qoymasa da, Əliyev ciddi cəhdlə yarınmağa çalışırdı. Dəfələrlə tələb etsək də, MSK-nın nümayəndəsi məhkəməyə gətirilmədi. Yalnız 2 ildən sonra qurumun nümayəndəsi məhkəməyə gəldi və iddiamız təmin edilmədi.
Ondan sonra dəfələrlə informasiya sorğusu ilə bağlı iddialarımız əsassız olaraq təmin edilməyib.
Son iddiamız isə Bakı Nəqliyyat Agentliyinin sorğuya cavab verməməsi və Azərbaycan Konstitusiyasını pozması ilə bağlıdır.
Amma BNA ilə birgə Elvin Əliyev də Konstitusiyanın üstündən hoppandı...
Görünən odur ki, Elvin Əliyev özünü hakimdən daha çox, sifariş yerinə yetirən tərəf kimi göstərir.
İddiası özündən böyük hakimin, bəlkə də, ən böyük arzusu böyüyüb Ramiz Rzayev olmaqdır, yəni arxasını qanuna və hüquqa çevrimiş hakim...
İndi bizə maraqlıdır ki, Əliyev məmurların əlaltısıdır, yoxsa qanunları ayaqlar altına atan hakim?
Qısaca, Elvin Əliyevi belə xarakterizə etmək olar: Azərbaycan ədalət(siz) mühakiməsinin, sındırılmış, hüququ əlindən alınmış, sifarişlə işləyən məhkəmələrin faciəvi personajı...
Məsud Turan












