Gürcüstan prezidenti seçkilərin nəticələrini tanımadı

Gürcüstan prezidenti seçkilərin nəticələrini tanımadı

28-10-2024 14:20 / Bu xəbər 466 dəfə oxundu

Gürcüstan prezidenti Salome Zurabişvili dünən axşam keçirdiyi mətbuat konfransında deyib ki, şənbə günü keçirilən parlament seçkilərinin nəticələrini tanımır.

Zurabişvili qeyd edib: "Bu, Rusiyanın bura gəlməsini, Gürcüstanın Rusiyaya tabe olmasını tanımaq demək olardı”.

Onun sözlərinə görə, hakim "Gürcü Arzusu” partiyasının nəticələri "tamamilə saxtalaşdırılıb”. 

Müxalifət partiyalarının nümayəndələrilə görüşdən sonra Zurabişvili bazar ertəsi Tbilisinin mərkəzində etiraz aksiyası keçiriləcəyini açıqlayıb, vətəndaşları bu aksiyanda iştirak etməyə çağırıb.

"Biz Rusiyanın xalqımıza, ölkəmizə qarşı hibrid müharibəsinin yeni formalarından biri olan xüsusi əməliyyatının şahidi və qurbanı olduq” – Zurabişvili belə deyib.

"Gürcü Arzusu” Rusiya yönümlü siyasət yürütməsilə bağlı ittihamları rədd edir; sülh partiyası olduğunu və Moskvayla dil tapmağa çalışdığını bildirir.

"Gürcü Arzusu”nun dəstəyilə prezident seçilən Zurabişvili sonrakı dövrdə bu partiyanın ölkəni təcridə doğru apardığını deyərək ona müxalif mövqeyə keçib. 

Hazırda Zurabişvili özünü "ölkənin yeganə müstəqil institutu” kimi xarakterizə edir.

"Birlik-Milli Hərəkat” birliyinin lideri Tinatin Bokuçava seçkinin nəticələrini tanımadıqlarını və parlamentdə təmsil olunmayacaqlarını bildirib.

Hakim partiyadan sonra ən çox səs toplamış ikinci siyasi qüvvə - "Dəyişiklik Koalisiyası” da eyni mövqedədir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze BBC-nin müxbiri Stiv Rozenberqə müsahibəsində deyib ki, müxalifətin ittihamları həqiqətə uyğun deyil: "Hər yerdə pozuntular olur. Təbii ki, seçki günü və ya bir gün əvvəl baş verən  pozuntularla bağlı tədbir görməliyik. Amma seçkilər ümumən demokratik seçkilərin hüquqi prosedur və prinsiplərinə uyğun idi”.

Müxalif qüvvələrin bəyanatlarına Kobaxidze belə cavab verib: "Onların başqa seçimləri yoxdur. Tərəfdarlarına ya yalan danışdıqlarını deməlidirlər, ya da hökumətin seçkiləri saxtalaşdırdığını”.

Kobaxidzenin sözlərinə görə, elektron səssayma sistemi "manipulyasiyaya yer qoymayıb”.

Məntəqələrin 99%-dən çoxunun nəticələrinə əsasən, Gürcü Arzusu Partiyası 53,9% səslə birinci yerdədir. Bu, dördüncü dəfə hakimiyyətdə qalan partiyaya hökuməti formalaşdırmaq hüququ verir.

2016 və 2020-ci illərdəki seçkilərdə "Gürcü Arzusu” daha az səs toplamışdı -   proporsional sistem üzrə səslərin yarıdan azını qazanmış, amma birmandatlı dairələrin, demək olar ki, hamısında qalib gəlmişdi.

Hakim partiyadan başqa, parlamentə dörd müxalif qüvvə keçib - "Dəyişiklik üçün Koalisiya”, "Birlik – Milli Hərəkat”, "Güclü Gürcüstan” birlikləri və keçmiş Baş nazir Giorgi Qaxariyanın "Gürcüstan naminə” partiyası.

On üç partiya parlamentə düşmək üçün tələb olunan 5%-lik baryeri keçə bilməyib.

MSK-nın açıqladığı rəqəmlər iqtidaryönlü "İmedi” telekanalının keçirdiyi "exit-poll”-un nəticələrinə yaxındır: telekanal hakim partiyanın 56% səs topladığını iddia edir.

Amma müxalif mövqeli "Mtavari” və "Formula” telekanallarının sifarişilə keçirilmiş "exit-poll”-ların nəticələri çox fərqlidir və müxalifətin "Gürcü Arzusu”ndan  daha çox mandat aldığını göstərir.

BBC-yə müsahibə verən ekspertlər bildiriblər ki, rəsmi nəticələrin dərcindən sonra müxalifətin reaksiyası onların belə nəticəyə hazır olmadıqlarını göstərir. 

Müstəqil müşahidəçilər bildiriblər ki, səslərin 5%-indən çoxunun saxtalaşdırmasıyla bağlı şübhələrin yaranması ölkədə ilk belə haldır.