Həbib Müntəzir: "Hökumət öz eybəcər siyasətini bizim güzgüdə görə bilər"

Həbib Müntəzir:

24-08-2020 17:38 / Bu xəbər 2634 dəfə oxundu

"Meydan.tv-nin Berlin ofisində maliyyə yoxlamalarının aparılması, kanalın cərimələnməsi haqda yazılanlar həqiqəti əks etdirmir”.

Bunu saytın həmtəsisçisi Həbib Müntəzir Arqument.az-a deyib.

O bildirib ki, hökumətyönlü media və hökumətə yaxın şəxslər sosial şəbəkələrdə bu məlumatı tirajlamaqla ictimaiyyəti aldatmağa çalışırlar.

Müntəzir qeyd edib ki, mediada yayılan bu iddia olduqca gülüncdür: "Berlin ofisimiz neçə aydır ki, pandemiya ilə əlaqədar fəaliyyət göstərmir. Hazırda əməkdaşlar evdən işləyirlər, "home office" sistemi ilə. Ümumiyyətlə vergi ilə əlaqədar problemlərdə Almaniyada polis harasa basqın etmir, burada hər qurumun özünün səlahiyyətində olan işlər var. Gömrük xidməti var, bu, onların nəzarətindədir".

Həbib Müntəzir bu sifarişin hakimiyyət tərəfindən verildiyini istisna etməyib: "Meydan TV isə Almaniyanın istənilən rəsmi qurumu ilə şəffaf işləyir və fəaliyyətimiz davam edir. Bizə heç bir cərimə tətbiq edilməyib. İşçi heyəti ilə problemlərimiz yoxdur. Mütəmadi olaraq kimlərsə yeni işə təyin olunur, kimlərsə ayrılır, bu da normal prosedurdur. Borca görə heç bir işçi işindən ayrılmayıb, çünki borcumuz yoxdur. Bu, hakimiyyətin özünə yaxın medialarda yaydığı növbəti uydurmadır. Çünki onların mediaya xərclədiyi milyonlar bizim yaydığımız doğru xəbərlərin yanında iflasa uğrayıb. Hökumət öz media siyasətinin iflasını ucuz və şou tipli xəbərlə bərpa etmək istəyir. Yaxşı olar ki, onlar öz eybəcərliklərini "Meydan.Tv"də - bizim güzgüdə görsünlər və cəmiyyətin gözündə necə göründüklərini anlasınlar".

Meydan.Tv-nin həmtəsisçisi onu da deyib ki, bundan sonra da obyektiv fəaliyyətlərinə davam edəcəklər.
 
Bu gün "Meydan.Tv"nin Berlin ofisində yoxlamaların aparıldığı və maliyyə pozuntusunun olduğu barədə yerli mediada məlumat yayılıb.