Natiq Cəfərli: "“Media haqqında” qanuna etiraz edən deputatı ictmai müzakirəyə dəvət etmirlər"

Natiq Cəfərli:

27-12-2021 12:04 / Bu xəbər 1529 dəfə oxundu

"REAL Partiyası olaraq hökumətin "Media haqqında” qəbul etmək istədiyi qanuna Parlamentdə hər iki oxunuşda əlehinə səs verdik, üçüncü oxunuşun gündəliyə salınmaması üçün çalışdıq, jurnalistlərə, mediayaya müraciət etdik ki, əgər əlinizdə alternativ qanun layihəsi, və ya təklif olunan mürtəce qanuna dəyişikliklər paketiniz varsa, verin bizə, biz də sizin "poçtalyonunuz” olaq, elə sizin adınızdan bu təklifləri Parlamentə təqdim edək. Hələ ki maraq qruplarından bir səs çıxmadı, daha ötəsi, medianın maraqlarında olan bu vəziyyətə medianın böyük əksəriyyəti reaksiya verib xəbərə çevirmədi". 

ReAl Partiyasının icra katibi Natiq Cəfərli "Feysbuk" hesabında belə yazıb. 

O bildirib ki, qanun layihəsinə etiraz edən deputatı - Erkin Qədirlini ictmai müzakirəyə dəvət etməyiblər: "Jurnalistlər, media ekspertləri yığışdılar, müzakirə etdilər, hökumətin qanununa iki dəfə etiraz edib əlehinə səs verən deputatı dəvət etmədilər. Açığı, mən bunu başa düşməkdə çətinlik çəkirəm. Çünki alternativ qanunların, təkliflərin Parlamentə kənardan çatdırılmasının bir yolu var - 40 min imza toplamaq lazımdır. Digər yol isə deputat tərəfindən qanunvericilik təşəbbüsü şəklində Milli Məclisə təqdim edilməsidir". 

"Bildiyim qədəri ilə yeni təkliflər, alternativ qanun layihəsi hazırlanır – yaxşı, bunu Parlamentə kim, və ən əsası, necə təqdim edəcək?! Axı dəfələrlə dedik ki, hamımız üçün resurs var – cəmiyyət üçün xeyirli olan istənilən qanun təkliflərini Parlamentə çatdıra bilərik, nədən bu resursdan istifadə etmirik?! Sanki bir qrup insanlar var ki, onlar REAL-ın gördüyü və ya görə biləcəyi işlərdən qısqanırlar. Elə bilirlər ki, biz reytinq artırsaq, bu onların ziyanınadır – belə yanaşmanı anlamaq mümkün deyil", - Cəfərli belə yazıb. 

"Xaricdə yaşayan, siyasi təqiblərə görə (bunu bəhanə edib "spravka” alıb  gedənlər də var) ölkədən gedən bir qrup insan var ki (bir daha: Söhbət oxumağa, işləməyə gedən, avtoritar sistemin əsl təqiblərinə məruz qalan soydaşlarımızdan getmir), ölkədə olan-bitəni olduğundan daha pis təqdim etməkdə, heç nəyin dəyişməyəcəyini vurğulamaqda maraqlıdırlar – sanki bu yolla özlərinin ölkədən köçməklərinə haqq qazandırmaq istəyirlər", - ReAl-ın icra katibi qeyd edib. 

"Dəyərli dostlar, kimdir ki, sizi qınayan, köçmüsüz, lap yaxşı eləmisiniz, çalışın köçdüyünüz ölkələrin ictimai-siyasi həyatına inteqrasiya olun, dil öyrənin, sənət sahibi olun, gələcəkdə quracağımız demokratik, sivil, rifah dövləti üçün indidən yaxşı mütəxəssis olmağa çalışın. Şəxsi motivlərinizi bu qədər açıq büruzə verməyin – bu, sadəcə, ayıbdır, düşünürsünüz ki, birdən buralarda vəziyyət pozitivə doğru dəyişsə, qaldığınız ölkələr sizə, "Azərbaycanda təhlükə yoxdur, burada qalmağınıza səbəb yoxdur, geri dönün”, deyə bilər, siz də Qərb vergi ödəyicilərinin hesabına biliksiz-bacarıqsız yaşadığınız konfort həyatdan məhrum ola bilərsiniz. Elə düşünməyin, çalışın gələcəyinizi qurun – bəli, bu gün ölkədə avtoritar sistem var, bəli, bu gün ölkədə xirtdəyəcən idarəetmə, hüquq-məhkəmə problemləri var, amma gəlin hər birimiz əlimizi daşın altına qoyaq, məmləkəti yaxşıya doğru dəyişməyə çalışaq, fatalizmdən uzaq, primitivlikdən kənar olaq", - deyə Natiq Cəfərli bildirib. 
 
Milli Məclisdə müzakirəyə çıxarılan, I və II oxunuşunda qəbul edilən "Media haqqında" qanun layihəsinin əleyhinə yalnız deputat Erkin Qədirli səs verib.