JMK: “Azərbaycan hakimiyyəti jurnalistlərin iddialarını tam araşdırmalıdır”

JMK: “Azərbaycan hakimiyyəti jurnalistlərin iddialarını tam araşdırmalıdır”

16-02-2022 18:46 / Bu xəbər 729 dəfə oxundu

"Polislər bölmədə jurnalistləri dəfələrlə söyüb, təhqir ediblər”

"Azərbaycan hakimiyyəti Bakıda keçirilən etiraz aksiyasını işıqlandırarkən saxlanılan üç jurnalistə qarşı polisin zorakılığı ilə bağlı iddiaları araşdırmalı və bütün media mənsublarının sərbəst işləməsinə icazə verməlidir”.

Jurnalistləri Müdafiə Komitəsinin (JMK) 16 fevral açıqlamasında belə deyilir.

Komitə bildirir ki, fevralın 15-də reportyorlar – Fatimə Mövlamlı, Sevinc Sadıqova və Teymur Kərimov polis zorakılığına məruz qalıblar.

JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid deyib ki, Azərbaycan hakimiyyəti jurnalistlərin polisin kobud rəftarına dair iddiaları tam araşdırmalıdır.

O həmçinin qeyd edib ki, belə hadisələrin təkrarlanmaması üçün ciddi addımlar atmalıdır.

"Hökumətyönlü və tənqidi nəşrlərin jurnalistləri özbaşına həbsdən və polis zorakılığından qorxmadan nümayişləri işıqlandırmaqda azad olmalıdırlar”, – deyə Gülnoza Səid bildirib.

Gülnoza Səid qeyd edib ki, Teymur Kərimov döylməsi ilə bağlı JMK-yə özü məlumat verib: "Kərimov deyib ki, polis əməkdaşları onu maşına mindirərkən qolundan və dizindən vurublar. Bundan sonra Səbail rayonu 9-cu polis bölməsinə aparıblar, yarım saat sonra ittiham irəli sürmədən sərbəst buraxıblar”.

Koordinator zərərçəkmiş jurnalistlərə istinadən bildirib ki, Mövlamlı və Sadıqova da bölmədə təzyiqə məruz qalıblar: "Polis bölməsində onları administrasiyanın binasını çəkməkdə ittiham ediblər. Amma jurnalistlər deyirlər ki, onlar etirazçılar Prezident Administrasiyasından bir neçə küçə uzaqda olduğu zaman saxlanılıblar. Polis əməkdaşları jurnalistlərdən kadrları silməyi tələb ediblər”.

"Mövlamlını iki dəfə yerə yıxıblar, dəfələrlə onun ayaqlarına və qarnına təpiklə vurublar. Polislər həmçinin Sadıqovanı və Mövlamlını dəfələrlə söyüb, təhqir ediblər. Mövlamlını isə "fahişə” adlandırıblar. Daha sonra zabitlər Mövlamlını və Sadıqovanı Bakı Şəhər Baş Polis İdarəsinə aparıblar, dörd saat sonra ittiham irəli sürmədən buradan sərbəst buraxıblar”, – açıqlamada vurğulanır.

Komitənin açıqlamasında qeyd olunub ki, polislər həmçinin saxlanılan şəxslərə jurnalist kimi fəaliyyət göstərmək hüququna malik olmadıqlarını deyiblər: "2022-ci il fevralın 8-də qüvvəyə minən "Media haqqında” yeni qanuna görə, onlar jurnalistlərin reyestrinə daxil edilməyiblər”.

JMK şərh almaq üçün elektron poçt vasitəsilə Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edib, amma cavab almayıb.

JMK-nın araşdırmalarına görə, S.Sadıqovanın həyat yoldaşı Əfqan Sadıqov 4 il müddətinə həbs edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Meydan TV-yə bildirib ki, jurnalistlərin işi nəzarətə götürülüb: "Artıq bu olayın araşdırılması üçün müvafiq tapşırıqlar verilib. Hazırda məsələ araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.