ABŞ Azərbaycanı ATƏT-lə əməkdaşlığa çağırır

ABŞ Azərbaycanı ATƏT-lə əməkdaşlığa çağırır

08-10-2022 01:03 / Bu xəbər 831 dəfə oxundu

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və bu işdə tərəflərə yardımın göstərilməsində yaxından iştirak edir".

Bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter dünən ATƏT-in Vyanadakı Daimi Şurasına ünvanladığı müraciətində bildirib. 

Bu barədə "Azadlıq radiosu"nun Ermənistan şöbəsi məlumat yayıb. 

Səfir ABŞ-ın səylərini, xüsusilə də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təşkil olunan görüşün əhəmiyyətini vurğulayıb.

Karpenterin müraciətində ​​ABŞ, Ermənistan və Azərbaycanın xarici işlər orqanlarının rəhbərləri - Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramovun üçtərəfli görüşünün vacibliyi qeyd olunub və 17 erməni hərbi əsirinin vətənlərinə qaytarılması mühüm nailiyyət kimi göstərilib. 

"Biz Ermənistan və Azərbaycanı  məsələləri danışıqlar masası arxasında həll etməyə çağırırıq", - ABŞ-ın ATƏT-dəki səfiri bildirib.

Karpenter qeyd edib ki, ABŞ ATƏT-in etimadın yaradılması və münaqişələrin qarşısının alınması alətlərinin, o cümlədən Ermənistanın faktaraşdırıcı missiya ilə bağlı təklifinin aktivləşdirilməsini qətiyyətlə dəstəkləyir.

Xatırlatma 

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Ağdamda keçirilən şəhərsalma forumundakı çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid etmişdi. 

"BMT, ATƏT və digərləri kimi aparıcı beynəlxalq təşkilatların Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə, qərarlar qəbul etməsinə, xüsusilə də təxminən 30 il kağız üzərində qalmış BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və bizim Ermənistana sanksiyaların tətbiq edilməsinə dair bütün çağırışlarımıza baxmayaraq, biz müvəffəq ola bilmədik. Beləliklə, beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə bir növ göz yummağa qərar verdi. Ən təəssüf doğuran isə bu idi ki, ATƏT-dən mandatı olan struktur "Minsk Qrupu” və onun həmsədrləri işğal altındakı əraziləri dəfələrlə ziyarət etdilər, bütün şəhər və kəndlərin qəddarcasına məhv edilməsinə, ermənilərin bizim torpaqlarımızda qanunsuz məskunlaşmasına şahid oldular, ancaq Ermənistanı qınamadılar. Bu 28 illik "fəaliyyət” boyunca onlar tərəfindən Ermənistana bircə kəlmə də olsa qınaq yox idi. Əlbəttə, biz indi bu Minsk Qrupunun canlandırılması üçün bəzi səylər görürük, biz bunu dəstəkləyə bilmərik. Çünki onlar mandatlarının həyata keçirilməsi üçün heç nə etmədilər. Onların etdiyi yeganə şey əslində müəyyən dərəcədə Ermənistanın təcavüzünü legitimləşdirmək oldu. Onlar təcavüzkarla bu təcavüzün qurbanı olan arasında balans yaratmağa çalışdılar. Ona görə də Azərbaycanın özünün beynəlxalq hüququ bərpa etdiyi, BMT Təhlükəsizlik Şurası qətnamələrini həyata keçirdiyi , BMT Xartiyasını, xüsusilə də özünümüdafiə ilə bağlı paraqrafını istifadə etdiyi və milli ləyaqətimizi bərpa etdiyi bir vaxtda biz başqa bir vasitəçiliyə ehtiyac duymuruq”, - Əliyev çıxışında qeyd etmişdi. 

O həmçinin bildirmişdi ki, Azərbaycanın Qarabağ regionunda yaşayan "erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik".