Həbs olunan tələbə təzyiqə məruz qaldığını deyir
08-06-2020 17:58 / Bu xəbər 1829 dəfə oxundu
Rüstəm İsmayılbəylinin apelyasiya şikayəti təmin olunmayıb
Pandemiya ilə əlaqədar ali məktəblərdə ənənəvi qaydada dərslər keçirlmədiyinə görə ikinci semestr üzrə imtahanların və yarım illik ödənişin ləğvini tələb etdiyinə görə iyulun 1-də Təhsil Nazirliyinin qarşısında saxlanılan Rüstəm İsmayılbəylinin məhkəməsi keçirilib. Onun İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimi qaydasını pozma) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 15 günlük həbs olunması haqda Nərimanov Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə baxılıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyilə keçirilən məhkəmə iclası açıq keçirilsə də, məhkəməyə Rüstəmin atası Hüseyn İsmayılbəylidən başqa heç kimi buraxmayıblar.
Məhkəmədə R.İsmayılbəyli bildirib ki, həm karantin rejimi qaydasını pozması, həm də polisə müqavimət göstərməsi barədə istər polis protokolunda, istərsə də, məhkəmə qərarında yazılanlar yalandır. Təhsil Nazirliyinin qarşısında olarkən sosial məsafəni gözlədiklərini, ağızlarında maska olduğunu xatırladan tələbə hazırda təcridxanada virusa yoluxmaq üçün daha münbit şəraitdə saxlandığını vurğulayıb. Onun sözlərinə görə, altı nəfərlik kamerada saxlanılır və oradakı adamlara da virusdan qorunmaq üçün heç bir zəruri vasitə verilməyib.
R.İsmayılbəylinin sözlərinə görə, onlar tələblərini çatdırmaq üçün Təhsil Nazirliyində olarkən Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi ora gəlib. Şəxsən onun göstərişilə tələbələri və digər fəalları tutub aparıblar.
Rüstəm İsmayılbəyli onu da bildirib ki, Təhsil Nazirliyindəki qəbuldan çıxanda onu və digər tələbə Allahverdi Həsənovu "Hyundai” markalı mülki maşına zorakılıqla mindirib, 18-ci polis bölməsinə aparıblar. Orada da təzyiqlərə məruz qalıblar. R.İsmayılbəylinin vəkili məhkəmədə polis əməkdaşlarının dindirilməsi, videogörüntülərin alınıb baxış keçirilməsi və s. haqda 10-a qədər vəsatət qaldırıb. Vəkil həmçinin tələbənin saxlanılarkən və ondan sonra polis bölməsində fiziki təzyiqə məruz qalması məsələsinin də araşdırılmasını istəyib.
Lakin hakim vəsatətləri də, ümumiyyətlə, apelyasiya şikayətini də təmin etməyib.
R.İsmayılbəylinin atası Hüseyn İsmayılbəyli jurnalistlərə deyib ki, oğlunun həbs olunması barədə qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək.
R.İsmayılbəyli Bakı Dövlət Universitetinin tələbəsidir. Onun özü ödənişsiz təhsil alır. Amma bütün tələbələrin üzləşdikləri problemləri dilə gətirmək üçün başqa universitetdə təhsil alan gənclərlə birlikdə iyunun 1-də Təhsil Nazirliyinə gedərək, onları narahat edən məsələləri çatdırmaq istəyib.
Tələbələrdən üçünü – R.İsmayılbəyli, Azərbaycan Dillər Universitetindən Zərifə Novruz və Azərbaycan Dövlət İqtisad Universitetindən Allahverdi Həsənovu nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri qəbul edib. Görüşdən çıxanda tələbələrdən Z.Novruz istisna olmaqla, digər ikisini maşına mindirib, polis bölməsinə aparıblar. Digər saxlanılanlar isə Təhsil Nazirliyinin qarşısında gözləyənlər olub. Saxlanılanlardan R.İsmayılbəyliyə 15 sutka inzibati həbs cəzası verilib. Daha beş nəfərə isə ümumilikdə 700 manat cərimə kəsilib. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejimi qaydalarını pozma) maddəsilə təqsirli bilinib.///Meydan.tv