“Hər kəs, İlham Əliyev də görəcək ki...”

“Hər kəs, İlham Əliyev də görəcək ki...”

21-07-2020 12:25 / Bu xəbər 2668 dəfə oxundu

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun məhkəməsi başlayır. 

T. Yaqublunun qızı Nigar Həzinin Meydan TV-yə bildirdiyinə görə, məhkəmənin hazırlıq iclası iyulun 25-i saat 11.00-a təyin edilib. 

T. Yaqublunun işinə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev baxacaq.

N.Yaqublu əlavə edib ki, mart ayında T.Yaqublunun ilkin istintaq dövründə həbsdə saxlanması barədə qərarı da bu hakim vermişdi.

"Ata cinayət işinin materialları ilə tanış olub. Deyir, sənədlər sanki üfunət saçan güvəcdir. Əgər İlham Əliyevin tapşırığı və razılığı olmasaydı, heç bir polis idarəsi bu qədər şərəfsizliyə və cinayətə baş vura bilməzdi. Amma ruhdan da düşmür, məhkəməni gözləyirəm. Bildirir ki, "bu uydurma cinayət işini və onu təşkil edənləri darmadağın edəcəm, bunu hər kəs, o cümlədən İlham Əliyev də görəcək”, - deyə Nigar Həzi atasının məhkəmə barədə fikirlərini çatdırıb.

T. Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. 

İddia olunur ki, T. Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T. Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl "Facebook” hesabında yazmışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”

T. Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T. Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T. Yaqublunun səhhətində fəsadlar yaranıb.