"Həbs edilən cəbhəçilərə dəhşətli işgəncə verilir deyə məhkəməyə gətirilmirlər"
27-07-2020 16:33 / Bu xəbər 2739 dəfə oxundu
Cəmil Həsənli: "Görünür, ölkədə Ombudsman İnstitutu və Qırmızı Xaç təşkilatı da iflasa uğrayıb"
"Hazırda Əliyevin korrupsiya rejimi tərəfindən saxta ittihamla cəbhəçi ovu davam edir. Lakin bu təqib, təhdid, kütləvi repressiyaların görünən tərəfidir. Məsələ burasındadır ki, həbs edilən cəbhəçilər həbs şəraitində belə qanunun icazə verdiyi ən elementar insani hüquqlardan məhrum ediliblər".
Bunu Milli Şuranın sədri Cəmil Həsənli arqument.az-a deyib.
O bildirib ki, həbs edilmiş cəbhəçilərə işgəncə verilir: ""Bandotdeldə" və digər polis orqanlarında onlara dəhşətli işgəncə verildiyindən iyulun 17-dən başlayaraq həbs edilmiş cəbhəçilər Apelyasiya məhkəmələrinə gətirilmirlər. Ən acınacaqlısı odur ki, son 5-10 gün ərzində onların vəkilləri ilə görüşünə imkan verilməyib və hətta məhkəmə zalında belə bu adamların qanuni vəkilləri ilə əlaqə yaradılmasının qarşısı alınıb. Saxta ittihamlara "hüquqi" don geyindirmək və işgəncə izlərini gizli saxlamaq üçün "paykovoy" vəkillərin xidmətindən istifadə edilir".
"Faktiki olaraq ağır işgəncələr verilmiş cəbhəçiləri vəkillərindən və ailələrindən gizlədirlər. Görünür, ölkədə Ombudsman İnstitutu və Qırmızı Xaç təşkilatı da iflasa uğrayıb", - deyə o bildirib.