İctimai fəal polisə aparılıb, təhid olunduğunu deyir
08-12-2022 17:54 / Bu xəbər 700 dəfə oxundu
İctimai fəal Fuad Cəlilov dekabrın 8-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oğurlandığını deyir.
Bu barədə "Arqument.az"a Fuad Cəlilov məlumat verib.
Cəlilovu küçədə saxlayaraq zorla maşına basıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.
O bildirib ki, sosial şəbəkədə yazdığı şərhə görə onu polisə İctimai Televiziyanın aparıcısı Nigar Sabirqızı şikayət edib.
Fuad Cəlilov polisdə saxlanılarkən Feysbuk hesabında onun adından təkzib yazılıb.
"Barəsində yazdığım sözlərə görə İTV əməkdaşı Nigar Sabirqızından üzr istəyirəm. Qələt eləmişəm, p...x yemişəm", - deyə həmin postda qeyd olunub.
Bir neçə saat sonra sərbəst buraxılan Fuad Cəlilov deyib ki, o, polisdə saxlanılarkən telefonu əlindən alınıb. Yazılan postdan isə xəbəri yoxdur. Fəal postun məhz polislər tərəfindən onun sosial hesabına giriş edilərək yazıldığını iddia edib.
Nigar Sabirqızı da həmin postun screnini paylaşaraq: "Bax belə. Hər şeyi qanun çərçivəsində həll etmək lazımdır", - deyə qeyd edib.
Jurnalistin bu kimi təhdid altında yazılan postu qanun kimi təqdim etməsi isə sosial mediada birmənalı qarşılanmayıb. İctimai qınaqdan sonra isə jurnalist həmin postu silib.
Fuad Cəlilov isə deyir ki, polisdə saxlanılarkən fəaliyyəti ilə bağlı həbslə hədələnib, təhdid edilib.
DİN məsələyə münasibət bildirməyib.












