İlham Əliyev: "Erməni silahlı birləşmələri təslim olmaq istəmirlər"

İlham Əliyev:

31-12-2020 21:05 / Bu xəbər 794 dəfə oxundu

"Əfsuslar ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar”

"Bizdə olan məlumata görə, azad edilmiş bəzi torpaqlarda hələ də mövcud olan erməni silahlı birləşmələri Ermənistan siyasi rəhbərliyinə tabe deyillər, onların bir çoxu zərərsizləşdirlib, bir çoxu həbs edilib. Onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar”.

Bu fikirləri Azərbaycanın Prezidenti İlham Əliyev dekabrın 31-də Türkiyənin milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

İlham Əliyevin sözlərinə görə, Rusiya sülhməramlı qüvvələrinin bu işlərə qoşulması ilə onların o bölgələrdən çıxmasına imkan verildi. Bu təklifə riayət edənlər çıxdılar və Ermənistan tərəfinə təhvil verildilər: "Ancaq bir qisim hələ də qalır və bizə qarşı terror aktları törədir. Buna baxmayaraq, bütövlükdə atəşkəs saxlanılır və hesab edirəm ki, bu, noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatın müsbət tərəfidir. Bununla paralel olaraq biz hazırda Azərbaycan, Ermənistan, Türkiyə dəhlizinin formalaşmasına da böyük önəm veririk, ilkin tapşırıqlar verildi”.

Dövlət başçısı gələn il Azərbaycan üçün böyük quruculuq ili olacağını bildirib: "İlkin tapşırıqlar verilib. Yaxın günlərdə Horadizdən Zəngilana qədər, Ermənistan sərhədinə qədər dəmir yolunun tikintisinə başlayacağıq, artıq texniki-iqtisadi əsaslandırma hazırlanır. Qısa müddət ərzində müvəqqəti olaraq Horadizdən Zəngilana qədər yol da çəkildi, mən özüm o yolla getmişəm, rahat, yüksək sürətlə getmək olar. Hesab edirəm ki, dəmir yolunun tikintisi maksimum 2 il çəkəcək. Ancaq bizim fikrimiz ondan ibarətdir ki, bu tarixi gözləməyək, həm dəmir yolu ilə Horadizə qədər, ondan sonra tırlarla daşımalar aparıla bilər. Bu, artıq bizim gündəliyimizdə olan vacib məsələdir. Hesab edirəm və əminəm ki, biz artıq Azərbaycandan Ermənistan və Naxçıvan ərazisindən Türkiyəyə ilk yükləri göndərə və əks istiqamətdən qəbul edə bilərik. Beləliklə noyabrın 10-da imzalanmış Bəyanatın önəmli hissəsi olan Naxçıvan dəhlizinin açılması da həyata keçiriləcəkdir”.

İlham Əliyev türk şirkətlərinin önəmli infrastruktur layihələrini artıq icra etdiyini söyləyib: "Xüsusilə Füzuli-Şuşa avtomobil yolunun tikintisində türk şirkətləri Azərbaycan şirkətləri ilə birlikdə fəaliyyət göstərirlər. Bütün başqa layihələrdə türk şirkətlərinin fəaliyyəti artıq təsdiq edilib, o cümlədən Kəlbəcərə çəkiləcək yeni yol, tunellər və digər infrastruktur layihələri icra ediləcək. Tezliklə biz bu bölgələrə həyat qaytarmalıyıq. Çünki mən orada olarkən gördüm ki, erməni vəhşiliyinin sərhədi yoxdur. Hər tərəf dağıdılıb, hər tərəf viran edilib və aydındır ki, bu dağıntılar müharibə zamanı olan dağıntılar deyil. Çünki müharibə zamanı belə dağıntılar olmayıb”.

Dövlət başçısının deyib ki, Türkiyə-Rusiya Monitorinq Mərkəzi yaxın 10 günə – maksimum iki həftəyə hazır olacaq: "Bildiyimə görə, artıq Türkiyə tərəfi də fəaliyyətə başlamaq üçün tam hazırdır. Yəqin ki, siz Rusiya tərəfi ilə də təmaslardasınız, Monitorinq Mərkəzi nə qədər tez fəaliyyətə başlasa, o qədər də yaxşıdır. Çünki müharibədən təxminən iki ay keçməsinə baxmayaraq, hələ də təhdidlər, təhlükələr var. Nəzarətsiz erməni silahlı birləşmələri bizim ərazimizdə fəaliyyət göstərirlər və onların bir hissəsi çıxmaq, təslim olmaq istəmirlər. Ona görə, bu təhdidi aradan qaldırmaq və gələcəkdə bütövlükdə bölgəmizdə sülhün, sabitliyin təmin edilməsi üçün Monitorinq Mərkəzi mütləq olmalıdır. Əfsuslar ki, Ermənistanda bəzi siyasi qüvvələr revanşist fikirlərlə yaşayırlar, açıq bəyanatlar verirlər ki, gün gələcək onlar Azərbaycana qarşı müharibə aparacaqlar, Azərbaycan torpaqlarını işğal edəcəklər. Bu, onlar üçün özünəqəsd olacaq. Təbii ki, belə cəhdlər dərhal yerindəcə aradan qaldırılacaq, ancaq bu təhdidlər var. Ona görə bu bölgədə monitorinq, nəzarət aparılmalıdır və Türkiyə-Rusiya mərkəzi bu funksiyanı əminəm ki, şərəflə yerinə yetirəcəkdir”.(Meydan.Tv)