İlqar Məmmədov İlham Əliyevə müraciət etdi

İlqar Məmmədov İlham Əliyevə müraciət etdi

19-12-2022 14:27 / Bu xəbər 1059 dəfə oxundu

O, Venesiya Komissiyasının rəyinə qədər "Siyasi partiyalar haqqında” qanunu təsdiqləməməyi xahiş edir

Dekabrın 17-də Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib.

Partiya sədri "Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələməyi xahiş edib.

Bu barədə Meydan TV-yə Real Partiyasından məlumat verilib.

İlqar Məmmədov yazıb ki, yeni qanunun qüvvəyə minməsi ölkədə partiya sisteminin sağlam inkişafına əngəl olacaq: "Dekabrın 16-da Milli Məclis "Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi parlamentdə təmsil olunan partiyaların, o cümlədən bizim təşəbbüsümüzlə hazırlansa da, gözləntilərimizin tam əksinə, ölkədə partiya sisteminin sağlam inkişafına əngəl olacaq. Bu haqda əsaslandırıcı müşahidələrimizi həm ictimai çıxışlarımızda, həm də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə ünsiyyətimizdə dəfələrlə açıqlamışıq”.

Pariya sədri təəssüflənir ki, ölkə daxilində onların ekspertizasına önəm verilməyib: "Onda beynəlxalq ekspertizanı işə cəlb etməkdən ötrü AŞPA-nın Monitorinq Komitəsi üzvlərindən xahiş etdik ki, səlahiyyətlərindən istifadə edib Venesiya Komissiyasından bu qanun layihəsi haqqında Təcili Rəy istəsinlər. Dekabrın 14-də Monitorinq Komitəsi belə bir rəyin istənilməsi haqda qərar verdi. Komissiyanın Təcili Rəyi çox qısa zaman ərzində, adətən, bir neçə həftəyə tərtib edilən sənəd olur. Venesiya Komissiyasının rəyi qanun qüvvəyə minəndən sonra mənfi olarsa, bu hal ölkəmizin dünyadakı mövqeyinə xoşagəlməz cəhətlər yükləyərək ümumi işimizə zərər vurar”.

"Sizdən xahiş edirəm ki, 30 illik qanunun yerini alacaq yeni qanunun qüvvəyə minməsini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələyəsiniz”, – deyə İlqar Məmmədov fikrini yekunlaşdırıb.

Dekabrın 16-da Milli Məclisdə "Siyasi partiyalar haqqında” qanun layihəsi III oxunuşda qəbul edilib.

Qanun qəbul edildikdən sonra Prezident Adminstrasiyasına təqdim olunmalıdır.

Prezident qanun təqdim olunan gündən etibarən 56 gün müddətində sənədi imzalaya və ya geri qaytara bilər.

Noyabrın 21-də Milli Məclis "Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni redaksiyasında bir sıra dəyişikliklərin olması barədə məlumat yayıb.

Milli Məclisdə müzakirəyə çıxarılan "Siyasi partiyalar haqqında” yeni qanun 6 fəsildən, 30 maddədən ibarətdir.

Azərbaycanda "Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə hazırlanaraq qəbul edilib.

Qanuna sonuncu dəfə 2012-ci ildə dəyişiklik olunub.