İmtahan nəticələri necə qiymətləndirilir?

İmtahan nəticələri necə qiymətləndirilir?

16-06-2023 11:39 / Bu xəbər 2222 dəfə oxundu

Təhsil mütəxəssisi: Sevda Səməd

Orta təhsil müəssisələrində şagirdlərin qazandığı bilik və bacarıqların yekun qiymətləndirilməsi, əsasən, buraxılış imtahanlarında həyata keçirilir. Belə qiymətləndirmənin ən mühüm cəhəti şagirdlərin fənni nə dərəcədə mənimsədiklərini, bu sahədə malik olduqları bilik və bacarıqları aşkara çıxarmaqdır.

Son vaxtlar ən çox verilən suallardan biri budur: Buraxılış imtahanlarının nəticələrinə görə, fənn üzrə neçə faiz mənimsənilmə yaxşı nəticə sayılır? 

Yekun qiymətləndirmədə tətbiq olunan standartlar fənn kurikulumuna görə  məzmun standartlarının tələblərinin hansı səviyyədə reallaşdığını yoxlamağa imkan verir. Qeyd etmək lazımdır ki, pedaqoji ölçmə nəzəriyyəsinə əsasən, orta təhsil almış hər bir gənc:
 – minimum standartlara əsaslanan bilik və bacarıqlara malik olmalıdır ki, bu zaman qiymətləndirmədə müvəffəqiyyət faizi 25-30% olur;
– maksimum standartlara əsaslanan bilik və bacarıqlara malik olanların  qiymətləndirmədə müvəffəqiyyət faizi isə 80-100% olur.

Qiymətləndirmə standartları 4 səviyyə üzrə qiymətləndirmə sxemləri (QS) şəklində  hazırlanır.
 
QS xüsusi növ qiymətləndirmə şkalasıdır və iki əsas məsələni əhatə edir:

1. Nə (obyekt, məzmun, aspektlər, xüsusiyyətlər) qiymətləndirilir?
2. Aşağı, orta və yuxarı nailiyyət səviyyələrinin xüsusiyyətlərini necə müəyyənləşdirmək olar? 

Şagirdlərin bilik, bacarıq və dəyərlərinin müəyyənləşdirilmiş səviyyələrini aşağıdakı cədvəllə ifadə etmək olar:
 
 

Səviyyə 1 ən aşağı, səviyyə 4 ən yüksək səviyyəni əks etdirir. Səviyyə 1 və səviyyə 2 əksər şagirdlər, səviyyə 3 və səviyyə 4 isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur. 

İmtahanlarda məqsəd fənn üzrə əldə edilmiş bilik və formalaşmış  bacarıqların mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsidir.
 
Mənimsənilmə səviyyəsinin hərtərəfli, obyektiv yoxlanılması üçün test blokunda səviyyə 1 üzrə tapşırıqlar 20%, səviyyə 2 üzrə tapşırıqlar 30%, səviyyə 3 üzrə tapşırıqlar 30%, səviyyə 4 üzrə tapşırıqlar 20% təşkil etməlidir. 

Bu o deməkdir ki, imtahanlarda istifadə olunan tapşırıqlar proqramda nəzərdə tutulmuş minimum və maksimum standartlara əsaslanan bilik və  bacarıqları ölçməyə imkan verməlidir. Yəni imtahanda proqramın mənimsənilmə səviyyəsinin yoxlanılması, bilik və bacarıqların obyektiv qiymətləndirilməsi üçün imtahan blokuna daxil edilmiş tapşırıqların mürəkkəblik dərəcəsi; 40% sadə, 40% orta,  və 20% çətin olmalıdır.

Pedaqoji ölçmə nəzəriyyəsinə görə, məktəb kursu üzrə proqramı 50-79% mənimsəmiş şagirdin nəticəsi yaxşı, 80-100% mənimsəmə göstərənlərin nəticəsi isə əla hesab olunur.

Yuxarıda qeyd edilənlər nəzərə alınaraq, buraxılış imtahanlarında istifadə edilən tapşırıqlar fənn kurikulumunun təlim nəticələri və məzmun standartlarının tələbləri əsasında hazırlanır. Bu zaman fənlər üzrə standartların tələbləri əsas götürülür. Məsələn, Azərbaycan dili və xarici dil fənlərinə verilən tələblər fərqlidir. Çünki Azərbaycan dili tədris dilidir, ana dilidir. 

Hər bir kəs gələcəkdə hansı peşə sahibi olmasından asılı olmayaraq, ana dilini mükəmməl bilməli, fikrini ifadə etməyi, oxuyub anlamağı və bu dildə yazmağı  bacarmalıdır.

Dövlət İmtahan Mərkəzinin açıqladığı statistik göstəricilərə əsasən, demək olar ki, builki  buraxılış imtahanlarında 50%-dən yuxarı nəticə göstərən şagirdlərin sayı ötən illərdəki göstərici ilə üst-üstə düşür. Bu isə o deməkdir ki,  imtahanda istifadə edilmiş tapşırıqların mürəkkəblik dərəcəsi dəyişməyib.