İran Azərbaycandan diplomatik missiyanın bərpasını istəyib

İran Azərbaycandan diplomatik missiyanın bərpasını istəyib

05-06-2023 14:39 / Bu xəbər 451 dəfə oxundu

"Bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub".

Bunu iyunun 5-də xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. 

Nazirin sözlərinə görə rəsmi Bakının Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsinin araşdırılması ilə bağlı gözləntiləri var: 

"İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir. Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.

Bayramov İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli ilə bağlı da açıqlama verib. 

"Hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı etmişdi, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilmişdi. Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması - ilə bağlı məlumat daxil olduqdan dərhal sonra həm Bakı şəhərində Nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim Baş Konsulluğumuz fəaliyyətə keçdi. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Həftələr sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o, ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”, - APA nazirdən sitat gətirib. 

Azərbaycan Xarici İşlər Nazirliyin iyunun 3-də də vətəndaşları İrana səfər etməməyə çağırıb.

"Cari ilin yanvar ayında Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur", - məlumatda qeyd olunub.