İranın Suriyadakı konsulluğu dağıdılıb, iki general həlak olub
02-04-2024 13:00 / Bu xəbər 642 dəfə oxundu
İsrailin Dəməşqdə İran səfirliyinə hücumu nəticəsində bu ölkənin İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı həlak olub.
ISNA-nın xəbərinə görə, ölənlər arasında İran xüsusi təyinatlıları – "Əl-Qüds" qüvvələrinin komandirlərindən biri, briqada generalı Məhəmməd Rza Zahedi, onun müavini - briqada generalı Məhəmməd Hadi Rəhimi və onların beş həmkarı da var.
İranda onları Suriyada hərbi məsləhətçi adlandırırdılar.
Yerli vaxtla saat 17:00 radələrində endirilən zərbənin səfirliyin konsulluq şöbəsinin binasına dəydiyi bildirilir.
Hadisə yerindən çəkilən fotolarda binanın tamamilə dağıldığı görünür.
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian olayı "bütün mümkün beynəlxalq konvensiyaların pozulması" adlandırıb.
Nazirliyin sözçüsü Nasir Kənani bildirib: "Tehran hücuma cavab tədbirləri görmək hüququnu özündə saxlayır".
İsrail hücumu şərh etməyib.
2020-ci ildə "Əl-Qüds" qüvvələrinin rəhbəri general Qasım Süleymani ABŞ-nin raket hücumu nəticəsində Bağdadda öldürülüb. Bu, regionda vəziyyətin kəskin şəkildə gərginləşməsinə səbəb oldu.
İranyönlü qruplar bir neçə dəfə ABŞ hərbi bazalarına hücum etdi. Tehran İranın nüvə proqramını beynəlxalq nəzarət altına alan razılaşmadan imtina etdi.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İranın siyasəti və iqtisadiyyatı üzərində əhəmiyyətli təsirinin olduğu bildirilir.
Formal olaraq ordunun bir hissəsi olan korpusun öz qoşunları, o cümlədən hava və dəniz qüvvələri var.
Qurum İranın raket proqramına nəzarət edir və ölkə prezidentinə deyil, onun ali dini rəhbəri Əli Xameneiyə tabedir.
ABŞ SEPAH-ı terror təşkilatı elan edib.
General Məhəmməd Rza Zahidinin adı BMT-nin İranın 15 yüksək rütbəli hərbi və siyasi xadimindən ibarət "qara siyahısı"na daxil edilib.
Onlar Tehranın nüvə və raket proqramlarının inkişafında iştirakda şübhəli bilinirlər.