İşçi Masasının üzvü narkotik ittihamı ilə həbs edilib
07-08-2023 23:23 / Bu xəbər 742 dəfə oxundu
Əhməd Məmmədli hesab edir ki, Elvin Mustafayevə qarşı narkotik ittihamı saxtadır
İşçi Masası Kuryerlər Birliyinin üzvü, avqustun 4-də saxlanılan Elvin Mustafayevin narkotik ittihamıyla həbs olunduğu təsdiqlənib.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.
Onun ilkin istintaq dövründə həbsdə saxlanması üçün artıq məhkəmə qərarıyla barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Avqustun 1-də moped sürən kuryerlər Bakıda etiraz aksiyası keçirərək polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər.
Kuryerlərin etiraz aksiyasında İşçi Masası Kuryerlər Birliyinin üzvləri, o cümlədən Elvin Mustafayev də iştirak edib.
"Demokratiya-1918” Hərəkatının (D-18) sədri Əhməd Məmmədli deyir ki, həmin aksiyadan sonra Elvin Mustafayev təqiblərə məruz qalıb: "Elvin Mustafayev özü bildirmişdi ki, polis aksiyadan sonra yaşadığı evin yaxınlığında onun barəsində məlumat toplamağa çalışıb”.
Əhməd Məmmədli hesab edir ki, Elvin Mustafayevə qarşı narkotik ittihamı saxtadır: "Elvin Mustafayevin həbsi siyasi sifarişdir…”.
Elvin Mustafayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3 maddəsində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Sosial şəbəkələrdə "Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu.
Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.
Amma yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağırılıb və könüllü şəkildə özü gedib.
Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır.
Onların sözlərinə görə, ictimai fəal həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.
Avqustun 1-də kuryerlərin aksiyasında iştirak edən İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov da həmin gün axşam saxlanılıb.
Ona İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə 30 sutka inzibati həbs cəzası verilib.
İctimai fəal Afiyəddin Məmmədov bundan əvvəl də bir neçə dəfə inzibati qaydada həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib.
Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər.
O isə verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.