İşçi Qrupu: "Söyüdlü hələ də blokadadır"
28-06-2023 15:14 / Bu xəbər 1175 dəfə oxundu
Gədəbəy rayonunun Söyüdlü kəndində baş verən hüquqpozmalarla işçi qrupu yaradılıb.
Bu barədə "Arqument.az"a işçi qrupunun həmtəsisçisi Afiyəddin Məmmədov məlumat verib.
İyunun 27-də isə İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının ofisində Söyüdlü kəndində baş verən hüquqpozmalarla bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.
İşçi qrupunun həmtəsisçisi Afiəddin Məmmədov bildirib ki, ictimai dinləmələrin məqsədi Söyüdlü sakinlərinə məsələnin gündəmdə olduğunu, onlara hüquqi dəstək göstərməyə çalışdıqlarını çatdırmaqdır.
O düşünür ki, məsələ hələ də bitməyib və kənd faktiki blokada şəraitindədir: "Cəmiyyət bilməlidir ki, məsələ bitməyib, Söyüdlü hələ də polis tərəfindən blokadadır, sakinlərə hədə-qorxu gəlinir və bunun nəticəsində onlar ünsiyyətdən çəkinirlər. Onlara hüquqi yardım göstərmək vacibdir".
Müzakirələrin iştirakçıları bildirib ki, kənd blokadada olduğu üçün oraya getmək və vəziyyətin monitorinqini apatmaq mümkün deyil və orada həbs olunanların sayı ilə bağlı artıq məlumat almaq mümkünsüzdür.
"Sakinlərə hüquqi yardım göstərmək çətinləşib, kənddə yaşamayanlar üçün giriş bağlıdır və hətta kənd sakinləri üçün çıxış da demək olar ki, qadağan olunub. Onlar nə apellyasiya şikayətini verə bilir, nə də hüquqi yardım ala bilir", - Afiyəddin Məmmədov belə deyib.
Dinləmələrdə iştirak edənlər vəziyyətdən çıxış yollarını və gələcəkdə bu cür hadisələr baş verərsə, onlara operativ reaksiyanın necə olmasını da müzakirə edib.
Söyüdlü İşçi Qrupu iyunun 21-də yaradılıb və onun məqsədi hadisələr zamanı saxlanılanlara və həbs olunanlara hüquqi yardım göstərilməkdir.
İyunun 20-də və 21-də Gədəbəy rayonun Söyüdlü kənd sakinləri kəndin ərazisindəki qızıl mədəninin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandlığı gölməçə dolduğundan başqa yerdə yeni gölməçə qurulmasına etiraz ediblər.
Bu zaman əraziyə polis qüvvələri yeridilib.
İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və bu zaman polis gözyaşardıcı qazdan istifadə edib.
Kənd sakinlərindən onadək insan xəsarət alıb.
5 nəfər etirazçı inzibati qaydada 20 sutka həbs edilib.
Bir etirazçı isə 1500 manat cərimə olunub.