İudanın faciəsi...

İudanın faciəsi...

24-05-2024 01:28 / Bu xəbər 1884 dəfə oxundu


Yalçın İmanov

"İncil"də həvarilərlə peygəmbərin arasındakı ən həqiqi və real münasibət İsayla İuda İskaryotun münasibətidir. Onikilərdən birinin peyğəmbəri günahkarların əlinə verməsi quru xəyanət faktından daha artıq dərin və incədir. 

Əksər müridlərlə tanışlıq tarixçəsi müqəddəs kitabdan bəlli olduğu halda, İskaryotun peyğəmbərin davamçıları sırasına necə və hansı şəraitdə qoşulması məlum deyil. Amma bu indi o qədər də vacib və əhəmiyyətli də sayılmır. 

Əhəmiyyətli olan bu iki tezis və onun ətrafındakı suallardır: 

1. İnsan təbiətinin dəyişməsi (yaxşıya doğru), fərdi proses, individual aktdır. İnsanın dəyişmək potensialı, sadəcə və yalnız onun özüylə, daxilində gedən proseslərin keyfiyyəti - əyarı ilə bağlıdır. Kənar təsirlər, bu ən yaxşı təsir olsa belə, içində olduğun mühit, bu, ən əlverişli mühit, münbit şərait olsa belə və səni əhatə edən fərdlər, bu ən parlaq simalar və fövqəlinsanlar, peyğəmbərlər olsa belə, bir fərdin dəyişmək prosesində həlledici faktor və hələ heç nə demək deyil; 

2. Nə qədər böyük olsan da, balacaları böyüdə bilməzsən. Hətta bu balacalar yanında, böyür-başında, həndəvərində daima vurnuxub, gəzib dolaşsalar belə. Bir sözlə, insanı, heç nə və heç kim kənardan, çöldən, bayırdan dəyişə, dəyişdirə, böyüdə bilmir, bilməz...

Peyğəmbərin süfrəsinə onunla birlikdə əl uzadıb eyni boşqaba çörək batıran, sonra da onu günahkarların əlinə təslim edən müridin nümunəsi məhz bu ən qədim həyat həqiqətini təsdiq və tərənnüm edir. 

Getsamani bağında - ölümqabağı İsanı sıxıntıya salıb ələm çəkdirən təkcə yaxınlaşan dəhşətli əzabları deyildi, həm də insanoğlunun ilkin təbiətini dəyişə bilməmək acısı, qisməti idi. 

İudanın xəyanət tarixçəsi şəxsi məzmundan məhrumdur, daha çox ümumi təyinatlıdır, insanın dəyişə bilməməyinin və yaxud da çox çətin dəyişə bilənliyinin rezumesi, mesajıdır. 

Bu xəyanət həm də təkcə təslim edənin deyil, eyni zamanda, xəyanət olunanın - təslim olunanın faciəsidir. 

Sən aləmləri dəyişməyə iddialı və hökmlü ("Fikirləşməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm; mən sülh deyil, qılınc gətirməyə gəlmişəm” - Matta 10,11-34) ola bilərsən, amma ən yaxınındakı, dizinin dibindəki bir ölərini mahiyyətcə dəyişmək, yeniləmək imkanından və potensialından məhrumsan. 

Sənin mövcudluğun, fikirlərin və davranışların onu təsirləndirə və necəsə stimullaşdıra bilər, ancaq bütün qalan sonrakı ağır proses onun öz içində, daxilində getməlidir. Özü də bu qalan proses ən əhəmiyyətli olanıdır. Sadəcə, bu qədər. Bundan artığı, heç kimə, heç Allahın sevimli oğluna da verilməyib. Çünki yazılmışdır: "Və kim öz çarmıxını daşımayıb, mənim ardımca gəlirsə, mənim şagirdim ola bilməz” (Luka 14 - 27). 

İsaya xəyanət eləməyən onun ən sadiq həvariləri belə, onu tutanda tərk edib qaçdılar... Bu öldürücü həqiqət çətin həzm olunası, boğazdan keçməyən həyat tikəsi, yaşam reallığıdır.

İudanın faciəsi İsanın faciəsinə transformasiya olunur beləcə. Biri öz ilkin təbiəti ilə bacarmır, onu korreksiya edib, daha yaxşıya doğru dəyişməkdə çətinlik çəkir, digəri isə yaxınlığındakı bir insanın sonadək dəyişilə bilməsinə bütöv töhfə vermək imkanından, şansından məhrumdur. Çünki yaradılış planında bu töhfə nəzərdə tutulmayıb, diqqətdən qaçırılıb.  

Hər iki halda insan təbiətinin, yaradılışın məhdudluğu önə çıxır. Nəticədə keyfiyyətcə dəyişilə bilməyənlər, başqasını sonadək dəyişdirmək imkanında və şansında olmayanların taleyini, aqibətini müəyyən edir.

Qarşılıqlı müəyyən etmə və şərtləndirmə...

Bu mənada İuda İskaryotun xəyanəti bəşəriyyətin gəlib-geçmiş ən məsum xəyanətidir. Bu, özlüyündə xəyanətdən daha irimiqyaslı və kədərli aktdır: insanın ilkin təbiətinin əsasən dəyişilə bilməməsinin, dəyişmək imanında olmamasının, bir sözlə özüylə bacara bilməməsinin təbii, amma fəlakətli nəticəsi...

Elə bu ən məhşur bəşər xəyanətinin dillər əzbəri olmuş işarəsi - parolu da (İudanın məhşur öpüşü), onun vizual tərtibatının ən təsirli detallarından biri kimi çıxış edir.  
 
İskaryotun peyğəmbəri ələ verməsini ölümsüzləşdürən, əsrdən əsrə ötürən, qoruyub saxlayan elə bu hikmət, onun qalan bütün ölərilərə verdiyi ünvanlı ismarış da elə budur. 

Odur ki, dəyişilə bilməyənlərlə yola çıxmaq ən yaxşı halda faydasız, ən pis halda isə təhlükəlidir. Böyür-başınıza, yaşadığınız ölkəyə nəzər salın, min illlərdir ki, (yaxşı, olsun onillər) heç cür dəyişə bilməyən insanlar və onların törətdikləri saysız-hesabsız irili-xırdalı faciələr... 

İnsanın dəyişə bilmək şansının yoxluğu yaxud da çox cüzi olması, adamı dəhşət həvəsdən salır. İçində heç bir proses getməyən adam, ən təhlükəli adamdır. 

Xəyanət bəzən elə dəyişə bilməmək deyil, bəs nədir? Dəyişə bilməmək bir çox halllarda elə xəyanət deyil, bəs nədir?! 

İudanın xəyanəti sonradan onun dəyişmək potensialının əsl istinadgahına, stimul qaynağına çevrildi. Peyğəmbəri təslimindən dərhal sonra onun dərin peşmançılıqdan özünü asması, lap sondan əvvəl tragik özünü dəyişdirmək, bu dəyişikliyi sirli-xudalı yaradılışın ən zor işlərindən biri kimi nəzərdə tutan dünyanın qapılarını çırpmaq cəhdidir. 

Başqa sözlə, yalnız böyük sarsıntı və irimiqyaslı qəza dəyişmək, transformasiya eləmək imkanındadır. Məhz bu səbəbdən peyğəmbərə xəyanəti, İuda İskaryotun dəyişə bilmək imkanına transformasiya olunur. 

İndividual fəlakət kənardakı heç kəsə, o cümlədən peyğəmbərə verilməyini sonda edir. Ancaq bu gec dəyişmək cəhdi həyat sığortasına gətirib çıxarmır. 

İnsanın ilkin təbiətinin rebrendinq imkanı, şansı və ya potensialı yoxdur. Bu mənada dəyişmək dəyişilə bilməyi həyatda qazanılma adlandırmaq müşküldür. Yox, əgər belə bir imkan və şans varsa, o da nadir, ağrılı, çox bahalı və faciəvidir...

İudanın faciəsi məhz bunu nəql edir. Dəyişə bilməməyin faciəsi. Ən bəşəri və əbədi problemin yaratdığı faciə...