Jurnalist polisin aksiyada ona xəsarət yetirdiyini deyir

Jurnalist polisin aksiyada ona xəsarət yetirdiyini deyir

16-06-2023 16:36 / Bu xəbər 1644 dəfə oxundu

Bu gün, iyunun 16-da həbsdə olan (dini kəsimə yaxın sayılan) bəzi şəxslərin yaxınları Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. 

Onlar qohumlarının günahsız olduğunu iddia ediblər.

Polis aksiyanı keçirməyə icazə verməyib, iştirakçılardan bəziləri polis maşınına mindirilərək aparılıb.

Aksiyanı işıqlandıran Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlının da xəsarət aldığı bildirilir. 

Mövlamlı özü bildirib ki, aksiyanı işıqlandıran zaman polis avtomobili onun ayağının üstündən keçib: "Məncə, maşını sürən polis əməkdaşı bunu qəsdən etdi. Hazırda ayağım şişib və ayağımı yerə basa bilmirəm. Xəstəxanadayam, rentgen müayinəsindən keçəcəyəm. Kameram da xəsarət alıb".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Bu il Azərbaycanda dini kəsimə yaxınlığı ilə seçilən onlarca şəxsin (say dəqiq bilinmir) həbs edildiyi bildirilir. 

Onlara narkotik və başqa ittihamların verildiyi deyilir. Yaxınları onlara verilən ittihamları qəbul etmirlər.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə Meydan TV-yə açıqlamasında jurnalistə qəsdən xəsarət yetirmək iddiasını təkzib edib.

O bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.