Kollegiya Fətullayevin "şikayəti"ni icraata aldı, vəkil İlham Əliyevə müraciət etdi

Kollegiya Fətullayevin

25-06-2023 14:28 / Bu xəbər 970 dəfə oxundu

"Vəkillər Kollegiyasının bu "şikayətə" baxmaq səlahiyyəti yoxdur"

Vəkil Elçin Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq müraciət edib.

O, insan haqlarını müdafiə etdiyim üçün zaman-zaman təqiblərə məruz qaldığını deyir:

"Hətta bu təqib o həddə çatıb ki, verdiyim vəsatətə görə həbs edilmişəm və sonradan həbsdən azad edilmişəm. Lakin bu təqib və təzyiqlər bitmək bilmir. Barəmdə əsassız cinayət işi bu gün də davam edir. Halbuki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeydinin hər iki bəndinə əsasən əməlimdə heç bir hüquq pozuntusu yoxdur". 

"Son dövrlər işgəncələrə və qeyri-insani rəftara qarşı kəskin fəaliyyət apardığım üçün Vəkillər Kollegiyasının Rəyasət Heyəti barəmdə intizam icraatı başladı. Məlum oldu ki, 2022-ci ilin sentyabr ayında Eynulla Fətullayev Vəkillər Kollegiyasına şikayət edib. 24.06.2023-cü il tarixdə Vəkillər Kollegiyası İntizam Komissiyası Eynulla Fətullayevin şikayəti üzrə sifarişlə məndə "pozuntu" aşkar edib. Halbuki Eynulla Fətullayevin şikayət vermək hüququ və bu şikayətin icraata qəbul edilməsi üçün əsas yox idi. Belə ki, ümumi qəbul edilmiş müraciət hüququna əsasən hər kəs özünün hüququnu pozan, hüquq və maraqlarına toxunan halla bağlı müraciət etmək hüququna malikdir", - deyə vəkil bildirib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının bu "şikayətə" ona görə baxmaq səlahiyyəti yoxdur ki, bununla bağlı iş prokurorluğun icraatındadır: 

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti ona görə qeyri-qanuni intizam icraatına baxır ki, məni əvvəlcədən hüquq pozmada əsassız olaraq təqsirli bilsin, mənim təqsirsizlik prezumsiyası hüququmu pozaraq barəmdə başlanılmış cinayət işinə xitam verilməsinin qarşısını alsın. İnsan hüquq və azadlıqların müdafiə edən bir vəkil olaraq sizdən xahiş edirəm ki, mənim öz fəaliyyətimi təhlükəsiz və müstəqil həyata keçirməyimə kömək edəsiniz, mənə qarşı qanunsuz intizam, cinayət təqib və təzyiqlərinə son verilməsinə göstəriş verəsiniz".

Nə baş verib? 

Vəkil Elçin Sadıqov 2022-ci il sentyabrın 10-da saxlanılıb. 

O, "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallının rüşvət almasına vasitəçilik etməkdə suçlanır. 

Zeynallı "Baku Steel Company"nin keçmiş rəhbəri, həbsdə olan Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alma ittihamı ilə sentyabrın 10-da həbs olunub. 

Sadıqov işadamı Məmmədovun vəkili idi. Lakin Sadıqov və Zeynallının heç biri özlərini təqsirli bilmir. 

Vəkil həbsini peşə fəaliyyəti ilə əlaqələndirir, ictimai-siyasi fəallara vəkillik etdiyinə görə cəzalandırıldığını düşünür.

Zeynallının həyat yoldaşı Məlahət Zeynalova da onun jurnalist fəaliyyətinə, xüsusən tənqidi materiallarına görə sifarişlə cəzalandırıldığını bildirib.
 
Elçin Sadıqov 32.5 və 312.1 maddələri ilə ittiham olunub. 

Əvəz Zeynallının isə ittiham olunduğu Cinayət Məcəlləsinin 311.3.3 maddəsində 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə vəkil Elçin Sadıqov barəsində verilmiş həbs qətimkan tədbiri ev dustaqlığıyla əvəzlənib. 

Zəki Babayevin sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb. Elçin Sadıqov məhkəmə zalından birbaşa azad edilib.

Elçin Sadıqovun mediaya verdiyi açıqlamaya görə, məhkəmə qərarına görə, Bakını ümumiyyətlə tərk edə bilməz, daimi yaşayış yerini tərk etmə ilə də bağlı vaxt məhdudiyyətləri var.